Tural Abbaslı: “Fəaliyyətimizi yalnız Müsavat daxilində görürük” Tural Abbaslı
“Əvvəlcədən bəyan etmişdik ki, hərəkat yaradılacaqsa, nə bu məsələlərin müzakirəsində iştirak edəcəyik, nə də təşkilatda təmsil olunacağıq”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Tural Abbaslı yeni "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının yaradılmasına münasibət bildirərkən deyib.
Başqanlığına keçmiş namizəd Qubad İbadoğlu ilə birgə işçi qrupda təmsil olunan Tural Abbaslı deyib ki, fəaliyyətlərini yalnız Müsavat daxilində görürlər.
Qeyd edək ki, T.Abbaslı da Q.İbadoğlu kimi Müsavatın hazırki rəhbərliyinin addımlarından narazıdır və birgə fraksiya yaradılacağını elan etmişdi. Bunun üçün hər iki şəxsin tərəfdarlarından ibarət işçi qrup formalaşıb və orada sonrakı addımlar barədə mütəmadi müzakirələr gedirdi.
T.Abbaslının sözlərinə görə, işçi qrupdakı müzakirələr zamanı hərəkatın yaradılacağı təqdirdə orada iştirak etməyəcəklərini bildiriblər: “Ona görə də bizi hərəkata salmayıblar. Fəaliyyətimizi ancaq partiya daxilində görürük. Kənarda hər hansı fəaliyyət göstərmək niyyətimiz yoxdur. Biz hesab edirik ki, Müsavatı böhran vəziyyətindən qurtarmaq və demokratiyanın bərqərar olması üçün fraksiya yaradılmalıdır. İşçi qrupdakı müzakirələrdə Qubad bəyin tərəfdarları deyirdilər ki, məqsədimiz təkcə fraksiya deyil, həm də ictimai hərəkatdır. Onlar söyləyirdilər ki, həm partiyadan çıxan insanlar, həm də hər hansı partiyada təmsil olunmayan, amma proseslərdə iştirak etmək istəyənləri özündə ehtiva edə bilən bir hərəkat yaratmaq niyyətindəyik. Biz isə dedik ki, bu, sizin hüququnuzdur, amma biz bu məsələdə maraqlı deyilik. Onların özü də fraksiyadan imtina etmirlər, paralel fəaliyyətin tərəfdarlarıdır. Həm partiya daxilində fraksiyada təmsil olunmaq istəyirlər, həm də ictimai hərəkatda fəaliyyət göstərirlər. Qubad bəylə bu barədə söhbətimiz olub, deyib ki, biri digərinə mane olmayacaq. Demək olmaz ki, onlar hərəkat yaratdılarsa, fraksiyadan imtina etdilər”.
T.Abbaslının sözlərinə görə, işçi qrupun növbəti toplantısında fraksiya strukturları müzakirə olunacaq və konkret sənəd üzrə fraksiyanın yaradılması üzrə diskussiya aparılacaq: “Görsək ki, işçi qrupda əsas enerji hərəkata yönəlir və və fraksiya ikinci plana keçir, o zaman öz tərəfdarlarımızla, gənclərlə birlikdə müstəqil addım atacağıq”.
Nərgiz