“İmmunçatışmazlığı virusunun törətdiyi xəstəliklər mövzusu tək bu gün üçün yox, hətta gələcəkdə də ciddi mövzu olaraq qalacaq. Bu mövzu həm də Azərbaycan və bütün dünya üçün ciddi problem olaraq qalmaqdadır”.
Teleqraf.com bildiri ki, bunu idman və gənclər nazirinin müavini İntiqam Babayev Milli Məclisdə (MM) “HİV haqqında” qanunla bağlı ictimai dinləmələr zamanı bildirib.
Nazir müavini qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bir neçə il əvvəl QİÇS/HİV xəstəliyinin təbii fəlakətə bərabər xəstəlik olduğunu bəyanlayıb: ““Bu xəstəliyin qarşısının alınması üçün bir və ya bir neçə ölkə deyil, bütün dünya birgə mübarizə aparmalıdır. Azərbaycanda da bununla bağlı mübarizə metdoları və qanunvericilik mövcuddur. Hətta, bu qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün monitorinqlər keçirilir, qanunlara əlavə və dəyişikliklər edilir.
Qanunlar təkmilləşdikcə, bu cür problemin aradan qaldırılması prosesi də tezləşdirilir. Rəsmi statistikaya görə, ölkədə 5 minə yaxın vətəndaş bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəliklərə düçar olmuş bir çox insan özündə çətinliklə güc toplayaraq, profilaktik tədbirlərin görülməsi üçün həkimə müraciət edir.
Onlarda belə bir fikir formalaşır ki, xəstəxanadan içəri daxil olsalar, qonşuları, yaxın adamları onu görəcək və xəstəliyi ilə bağlı hamı xəbərdar olacaq. Bunun qarşısını almaq üçün ölkədə maarifləndirmə tədbirləri artırılmalıdır”.
Nemət