11 Oktyabr 2022 11:30
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 10-da Xətai rayonunda mənzillərdən birindən 50 manat pul, 450 manat dəyərində gümüş bəzək əşyaları, 1000 rus rublu oğurlanması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

O qeyd edib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin baş verdiyi ərazidə quraşdırılan kameralara oğurluq əməlinin 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov tərəfindən törədilməsi müəyyən edilib.

Xətai rayon Polis İdarəsinin 36-ci polis şöbəsinin əməkdaşları tərəfindən İ.Qəhrəmanov saxlanılıb, idarə etdiyi "BMW" markalı avtomobilə keçirilən baxış zamanı avtomobildən oğurluq əşyalar, həmçinin digər mənzildən oğurladığı qızıl boyunbağı aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalarla müəyyən olunub ki, o, Binəqədi rayonu ərazisində də 2 mənzildən oğurluq edib. O, saxlanılarkən qaçmağa cəhd göstərsə də, polis əməkdaşları buna imkan verməyib. Qeyri-adekvat davranışlarına görə o, narkoloji müayinədən keçirilmiş və narkotik vasitə qəbul etməsi müəyyən edilib və toplanmış materiallarla birlikdə baxılması üçün rayon məhkəməsinə göndərilib.

Lakin o, məhkəmədən buraxıldıqdan sonra məhkəmə qərarından rayon prokurorluğu ilə birgə yuxarı instansiyaya appelyasiya şikayəti verilib.

İ.Qəhrəmanov Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinə gətirilib və Cinayət Məcəlləsinin 177.2.3 maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində saxlanılıb.

O da məlum olub ki, İ.Qəhrəmanova yetkinlik yaşına çatmadığı dövrdə Bakı şəhəri ərazisində ümümilikdə 96 dəfə mənzil oğurluqları törətdiyinə görə məhkəmə məsuliyyətinə cəlb olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, İ.Qəhrəmanov İsmayıl Qəhrəmanov 2013-cü ildə Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulub. Onun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etdiyi məlum olub. Zərərçəkənlərin müraciəti və ilkin araşdırmalarla müəyyən edilib ki, İ.Qəhrəmanov təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində qızıl və müxtəlif valyutalar ələ keçirib.

Sonrakı araşdırmalarla onun başqa rayonların ərazilərində də çoxsaylı mənzilləri taladığı məlum olub. Hələlik onun Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb. Zərərçəkənlərin isə sayı hər ötən gün artmaqdadır. Araşdırmalar nəticəsində məlum olub ki, İ.Qəhrəmanovun oğurluqla qazandığı sərvət 1 milyon manat civarındadır. Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb. O, polisə verdiyi bütün ifadələrində deyib ki, pulları dostları ilə əyləncəyə xərcləyib, hərdən isə qohumlarına da əl tutub.

Gənc oğlan cinayət əməllərinə 2011-ci ildən başlayıb. Onun böyük oğurluqları isə 2012-ci ilə təsadüf edir. Təkcə Nəsimi rayonu ərazisindəki 3 mənzildən ümumilikdə 100 min manatlıq qızıl və 50 min manatadək pul oğurlayıb. Mənzilləri seçərkən İ.Qəhrəmanov diqqətlə hərəkət edirmiş. O əvvəlcədən müxtəlif yollarla kimin evdə olub-olmamasını yoxlayır, sınaq cəhdləri edirmiş. Evlərə isə əsasən binaların eyvanlarından pəncərələrdən və nəfəsliklərdən daxil olurmuş.

Qeyd edək ki, İ.Qəhrəmanov repçidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər