18 Dekabr 2014 10:39
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci posta kimlər iddialıdır?

Müsavat Partiyası daxilində qarşıdurma davam edir. Partiyanın son mitinqinin zəif alınması da rəhbərlikdən narazıların işinə yarayıb. Ancaq bununla belə Müsavat rəhbərliyi hazırda strukturlaşma işini davam etdirir. Dekabrın 27-də partiya Məclisinin sessiyası çağırılacaq. Sessiyada Məclisin sədri seçiləcək.

Qeyd edək ki, Məclisin əvvəlki sədri Arzu Səmədbəyli faktiki olaraq partiyada baş verən proseslərdə tərəflərdən heç birinə dəstək vermir. O, tamamilə kənara çəkilib və suların durulmasını gözləyir. Səmədbəyli həm də partiyanın son qurultayından narazı qalıb. Buna səbəb isə Müsavat rəhbərliyinin təzələnməməsi olub. Onun fikrincə, qurultayda köhnə rəhbərlik tam heyətlə geri çəkilməli, gənclərdən ibarət yeni rəhbərlik formalaşdırılmalı idi. Hətta belə bir ssenari də olub, ancaq sonradan tamam başqa bir reallıq ortaya çıxıb. Bu reallığı qəbul etməyən Səmədbəyli tam kənara çəkilib. Əldə etdiyimiz məlumata görə, onun Məclis sədri postunu tutmaq niyyəti yoxdur. Yeni Məclis sədrinin kim olması isə aktual olaraq qalır. Bəzi iddilara görə, Məclis sədri postunu Osman Kazımov və ya Gülağa Aslanlı tuta bilər. Buna səbəb odur ki, Arif Hacılı inandığı şəxsin bu postda olmasını istəyir. Namizədlərin kimliyi bu gündən bəlli olacaq. Çünki qaydaya görə, Məclis sədri olmaq istəyən şəxslər dekabrın 18-dən etibarən iddiasını ortaya qoya bilərlər.

Narazılar Məclis sədrliyi uğrunda mübarizə aparmayacaq

Partiyada narazı kəsimi təmsil edən Qubad İbadoğlu və Vurğun Əyyub da bu posta iddia etmir. Hətta bir müddət əvvəl indiki rəhbərlik Qubad İbadoğluna Məclis sədri postunu təklif edib. Ancaq narazıların lideri bundan imtina edib. O, qeyd edib ki, bundan sonra heç bir qurumda təmsil olunmaq niyyətində deyil.

Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib ki, Məclis sədri postunda kimin olması onun üçün əhəmiyyətsizdir: “Mənə fərq etməz, indiki durumda kim olur, olsun. Onsuz da Arif Hacılının komandası göz qabağındadır. Biri partiyada təmizləmə siyasəti aparır, digəri isə “cəza vermə” metodu ilə işləyir. Partiyaya sadiq olanlara qapı göstərənləri, 76 yaşlı qadını partiyadan çıxartmaq üçün MNTK-ya müraciət edənləri hamı tanıyır”.

Qubad İbadoğlu gecə saatlarında tərəfdarları ilə müzakirələr aparıb

Dünən axşam saatlarında Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilat komitəsinin ilk toplantısı keçirilib. Bu haqda Teleqraf.com-a təşkilat komitəsinin üzvü Hüseyn Məlik məlumat verib. Məlik deyib ki, bu təşkilat komitəsinin ilk toplantısıdır və əsasən, qarşıda duran məsələlər ətrafında müzakirə aparılıb. Onun sözlərinə görə, indi əsas məsələ hərəkatı formalaşdırmaq, onun strukturlarını yaratmaqdır. Hüseyn Məlik Arif Hacılının Məclis sədri postuna namizədinin olduğunu deyib, ancaq bunu açıqlamaq istəməyib: “Yaxın günlərdə həmin şəxsin adını açıqlayaram”.

Əlövsət Talışxanlı: “İsa Qəmbər 74 yaşlı ağbirçək qadının üstünə qışqırdı”

Bu arada partiyadan istefa verənlər Müsavatın indiki və keçmiş rəhbəliyinə qarşı kəskin ittihamlar irəli sürürlər. MNTK-nın üzvü olan və sonradan partiyadan istefa verən Əlövsət Talışxanlı məqalə ilə çıxış edərək partiyadakı durumla bağlı fikirlərini açıqlayıb: “Azərbaycan cəmiyyəti 2003-cu il prezident seçkilərində müxalifətin məğlubiyyətinin səbəblərini, Müsavat Partiyasınin Milli Şuradan cixmasının səbəblərini və nəhayət, el arasında nüfuzu sıfıra yaxın olan Arif Hacılının Müsavat partiyasinin başına gətirilməsi səbəblərini araşdirmağa çox çalışacaq. Ətraflı düşünməyə əsas verən məsələlərdən biri də A.Hacılının sonuncu dəfə həbsdən necə çıxmasıdır. Cənab Hacılı deyir ki onu həbsxanadan yüksək rütbəli bir məmurun yanına apardılar. Onunla söhbətdən sonra isə maşınla gətirib evə düşürdülər. Həmin axşam isə əfv sərəncamı oldu. Bütün bunlardan xəbəri olan İ.Qəmbər isə Qubad bəyin tərafdarlarını hakimiyyətlə əlaqədə suçlayır. Son müşavirənin ən ağrılı məqamı sabiq başqanın 74 yaşlı qadının üstünə qışqırması oldu. Hansı ki qurultayda baş verən pozuntulardan danışmaq istəyirdi. Lakin I.Qəmbərin müşavirədə dediyi bir fikri ilə razıyam ki, 25 il harada idisə, indi də oradadır. Hansı statusda əyləşdiyini bilməsəm də, son müşavirədə onun sədarətdə əyləşməyi buna sübutdur”.

Səxavət Əlisoyun obrazları

Başqanlığa keçmiş namizəd, Divan tərəfindən Müsavat sırlarından çıxarılan Səxavət Əlisoy isə sosial şəbəkədə bəyan edib ki, bəlli obrazlar var ki, bütün zamanlarda iş başında olub və bundan sonra da olacaq. Əlisoy sözügedən obrazlar haqqında statusunda Qaloş, Sünbülağa, Məddah, Əsli, Kərəm, Siranuş, Saxtakar, buynuzsuz maral, gəvəzə, Yalınçıq və digər adları çəkib. Şübhə yoxdur ki, Əlisoyun bu obrazları Müsavat Partiyasına istiqamətlənib.

Keçmiş başqan indiki başqanı dəstəkləyir

Müsavat Partiyasının indiki rəhbərliyi isə baş verən proseslərdən narahat deyil və öz iradəsini tətbiq etmək üçün ciddi addımlar atmaq niyyətindədir. Başqan müavini Gülağa Aslanlı bəyan edib ki, Məclis keçiriləcək və yeni sədr seçiləcək. O, əlavə edib ki, Məclis sədri olmağa iddiası olanlar var, lakin bu barədə onların özləri danışmalıdır. Baş verən proseslər fonunda isə İsa Qəmbər sakitliyini və təmkinliyini qoruyur, faktiki olaraq indiki rəhbərliyə hər cür dəstəyini ifadə edir. Görünən budur ki, qurultaydan qalib və məğlub çıxanlar artıq "qırmızı xətt"i keçiblər və bundan sonra əvvəlki Müsavatdan danışmaq heç cür mümkün olmayacaq.

Cavidan


Müəllif:

Oxşar xəbərlər