18 Dekabr 2014 11:13
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada üç ildən artıqdır davam edən qanlı qırğınlardan yaxa qurtarmaq istəyən erməni kökənli vətəndaşların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər bölgələrinə kütləvi köçürülmələri davam edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) son hesasbatına görə, son il yarım ərzində Suriyadan 12 min nəfər erməni kökənli vətəndaş Ermənistana köç edib. Bu insanlara Ermənistan vətəndaşlığı verilib və onlar əsasən Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə məskunlaşdırılıblar.

Qeyd edək ki, Suriyada erməni diasporunun üzvlərinin sayı 80-100 min nəfər təşkil edir. Onların 50 mini Hələbdə, qalanları isə Dəməşq, Latakiya, Kesabe və əl-Qamışlı şəhərlərində yaşayır. Ermənistan hakimiyyəti Suriyadakı erməniləri Dağlıq Qarabağda yerləşdirməyə cəlb etmək üçün digər stimullaşdırıcı addımlar da atır. Belə ki, Ermənistan hökuməti bir neçə il əvvəl ölkəyə köçmək istəyən Suriya erməniləri üçün vətəndaşlıq alma prosedurunu sadələşdirib. Lakin heç kimə sirr deyil ki, Suriya ermənilərinin Dağlıq Qarabağda və digər işğal olunmuş bölgələrdə yerləşdirilməsi beynəlxalq hüquqa ziddir.

Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirib ki, beynəlxalq humanitar hüquqa görə işğal olunmuş ərazilərdə başqa bir dövlətin vətəndaşlarının yerləşdirilməsi qanunsuzdur. Onun sözlərinə görə, bu, ərazisi işğal olunmuş ölkənin suveren hüquqlarının kobud şəkildə pozulmasıdır:

"Çünki bu, bilavasitə ölkənin özünə aid olan hüquqdur. Qəsbkar ölkənin belə bir addım atması heç bir əndazəyə sığan bir hal deyil. Sivil dünyada bu cür halların mövcudluğu qətiyyən qəbuledilməzdir. Ancaq fakt bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi bu məsələdə də istisnalıq təşkil edir və bunun özü də beynəlxalq ictimaiyyətin bu məsələyə ikili standartlarla yanaşmasının bariz göstəricidir. Yəni, Qərbin özünün qəbul etdiyi standartlarda, beynəlxalq humanitar hüquqda belə bir hal yoxdur. Bu cür cəzasızlıq isə gələcək qanunsuzluqlara rəvac verir. Ona görə də hesab edirəm ki, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə Suriya ermənilərinin yerləşdirilməsi çox anormal bir situasiyadır".

N.Miri qeyd edib ki, Ermənistanın işğalçı adlandırılmadığı indiki şəraitdə Qərb dünyasından, yaxud beynəlxalq təşkilatlardan bu anormal situasiyanın dəyişdirilməsini gözləmək əbəsdir. O qeyd edib ki, ərazisi işğal olunmuş ölkə kimi Azərbaycan özü bu yöndə konkret tədbirlər görməlidir: "Bu tədbirlərin içərisində lazım olsa, güc tətbiqi məsələsi də olmalıdır. Biz bu məsələləri BMT-dən, yaxud dünya güclərinin siyasi iradəsindən asılı qoysaq, bu məsələlər 20-40 ildən sonra da Ermənistanla hansısa bir uzlaşmaya gətirməyəcək. Azərbaycan güc tətbiq etsə, lokal hərbi əməliyyatlar keçirsə belə, bu əməliyyatlar onun BMT tərəfindən tanınmış sərhədləri daxilində olacaq. Azərbaycan Ermənistan ərazisində əməliyyat keçirməyəcək ki, onu işğalçı kimi tanıyalar".

Bununla belə, politoloq bildirib ki, Dağlıq Qarabağda və digər işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşmanın aparılması Ermənistan üçün həyati məsələdir: "Bu, rəsmi İrəvana hava-su kimi lazımdır. Çünki işğal olunmuş ərazinin gənc əhalisi çox sürətlə Dağlıq Qarabağı tərk edir. Bu gün Dağlıq Qarabağ ərazisində üst-üstə toplasaq 25 mindən çox erməni yaşamır. Baxmayaraq ki, 100-120 mindən dəm vururlar. Bunlar hamısı yalan rəqəmlərdir. Ona görə də işğal olunmuş torpaqları mütləq mənada insanlarla doldurmaq lazımdır. Bu gün Ermənistandan erməni əhalisi heç bir vəchlə Dağlıq Qarabağa gəlmir və gəlməyəcək. Sadəcə olaraq, Suriyada müharibədən qaçan və ehtiyacı olan insanları müəyyən mənada stimullaşdırmaqla onları Dağlıq Qarabağ ərazisində yerləşdirməyə çalışırlar. Əslində, bu da total xarakter daşımır. Çünki bu adamlar gəlsələr də, bir müddətdən sonra yenidən öz yerlərinə, yaxud üçüncü ölkələrə üz tuturlar. Çünki o ərazilərdə yaşamaq mümkün deyil. Əvvəla, infrastruktur yoxdur, heç bir şəraiti olmayan yerdir. İqtisadiyyat sıfır vəziyyətindədir. Üstəlik, Azərbaycanın hansısa məqamda öz ərazisini azad edəcəyi qorxusu da var. Bunu da ermənilər bilməmiş deyil. Ona görə, rəsmi İrəvan işğal olunmuş Azərbaycan ərazilərindən bir üzdən yerləşdirmə aparsalar da, o insanlar yenə də həmin torpaqları qoyub qaçırlar".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər