Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Serbiyanın eks-prezidenti Boris Tadiç arasında görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, 2014-cü ildə həyata keçirilmiş layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Əsas diqqət isə 2015-ci ilin aprelində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görülən işlərə və görüşlərə ayrılıb. Bu məqsədlə 2015-ci ilin fevralında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Brüsseldə baş tutacaq “Avropada etimadın bərpa olunması” mövzusunda beynəlxalq konfrans geniş müzakirə olunub. Konfransda bir sıra ölkələrin sabiq dövlət və hökumət başçılarının iştirakı planlaşdırılır.
N.İbrahimovla B.Tadiçin görüşündə həmçinin, Serbiya və Balkanlarda Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, mədəniyyətimizin təbliği, soydaşlarımızın ölkənin ictimai-siyasi həyatına inteqrasiyası və ümumiyyətlə, bölgədə Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə Azərbaycana səfər edən B.Tadiç 2004-2012-ci illərdə Serbiyaya rəhbərlik edib, hazırda Demokrat Partiyasını sədridir.
Səxavət