23 Dekabr 2014 12:06
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erkin Qədirli: "Gürcüstana Azərbaycanın uzantısı kimi baxmalıyıq"

"Bir ara çoxları məni liberal sayırdı. Liberalizm haqqında vaxtilə oxuduğum mühazirələrin yaratdığı təəsüratın nəticəsi kimi qəbul edirdim bunu. Akademik maraq baxımından liberalizmi öyrənməkdə böyük fayda var. Mühazirələrimdə izah etməyə çalışdığım şey bu idu. Azərbaycanın vəziyyətində liberalizmin siyasətdə mümkünsüzlüyünü izah etmək çox çətin oldu, təəssüf ki. Siyasi baxışlarımda liberal olmadığımı anlatmaq üçün xeyli vaxt xərcləməli oldum. Dənizə öz çıxışı olmayan dövlətdə liberalizm, bir siyasi ideologiya kimi, hakim ola bilməyəcək".

Bunu REAL İdarə Heyətinin üzvü Erkin Qədirli deyib. O, əlavə edib ki, indi də onu çoxları "qərbpərəst" sayır:

"Daha uzağa gedib, məni "anti-Rusiya", ya da "Rusofob" adlandıranlar da tapılır. İkincilərlə işim yoxdur, onların istəyi aydındır. Lakin birincilər, yəni məni "qərbpərəst" adlandıranların arasında, ölkəmizin gerçəkdən müstəqil və təhlükəsiz yaşamasını istəyənlər az deyil. Sadəcə, onların gözündə mən aşırı Qərb tərəfdarı kimi görünürəm, təəssüf ki. Bəlkə, son günlər yazdıqlarım buna bəhanə vermiş ola bilər. Amma, məqsədim bu deyildi. Mən "qərbpərəst" deyiləm. Yazılarımı və çıxışlarımı diqqətlə izləyənlər, güman ki, Qərbi də ardıcıl və ciddi tənqid etdiyimi görüblər. Hazırladığım geniş yazıda bunun izahını verməyə çalışıram. Lakin ortada danılmaz coğrafi gerçəklik var. Xəritəyə diqqətlə baxın. Nə görürsünüz? Görünən budur ki, Azərbaycanın dənizə öz çıxışı yoxdur. Dənizə çıxış həm iqtisadi, həm də siyasi üstünlüklər verir. Dənizə çıxış ölkədaxili proseslərə də müsbət təsir edir. Dənizə sabit çıxışı təmin etmək - Azərbaycanın ən vacib strateji məqsədlərindən biridir. Dənizə öz çıxışımız olmadığından, qonşu dövlətlərin ərazilərindən istifadə etməliyik. Rusiya və İran bizə bu çıxışı elə-belə verəsi deyil. Üstəlik, Rusiya üzərindən dənizə çıxış (Volqa-Don və Belomor kanalları) noyabr-mart ayları buz altında qalır. Yəni, iqtisadi baxımdan çox da faydalı deyil. Fars körfəzinə çıxmaq yaxşı olardı, amma, dediyim kimi, İran bu çıxışın müqabilində bizdən qəbul etməyə tarixi haqqımız olmayan güzəştlər istəyəcək. Deməli, qalır tək bir yol - Gürcüstan üzərindən Qara Dənizə. Gürcüstan bizdən zəif dövlətdir və bizdən çox asılıdır. Gürcüstanda gedən bütün müsbət proseslərin əsas sponsoru Azərbaycandır. Azərbaycandan ora gedən yardım və edilən yatırımlar hesabına Gürcüstanda nisbi sosial-iqtisadi sabitlik var. Biz bu siyasətimizi davam etdirməliyik. Gürcüstanı ayaqda saxlamaq, onun müstəqilliyinə yardım etmək - bizim üçün strateji əhəmiyyət kəsb edir. Gürcüstana Azərbaycanın uzantısı kimi baxmalıyıq. Təkcə Borçalıya görə deyil. Dənizə çıxış üçün çox vacib ölkədir. Gürcüstanın bizə qəbul edə bilməyəcəyimiz ön şərt qoşmaq imkanı yoxdur. Gürcüstan üzərindən Qara dənizə çıxmaq azdır. Qara dənizin tarixi sahiblərilə anlaşma çətinliyinin fərqinə varmaq da vacibdir. Qara dənizin iki tarixi sahibi var - Türkiyə və Rusiya. Bu iki ölkənin Qara dənizdə maraqlarının üst-üstə düşməsi bizə strateji baxımdan əlverişili deyil. Çünki, onlar faktiki olaraq Qara Dənizdə bizə əngəl yarada bilərlər. Bunu bizə qarşı deyil, təbii ki, öz maraqları üçün edəcəklər. Məsələ də ondadır ki, onların maraqları bizim maraqlarımıza uyğun gəlməyə bilər. Türkiyə-Rusiya yaxınlaşmasının bizim strateji mənafelərimizə toxunan hissəsində onlara güc gəlmək imkanımız yoxdur. Ona görə də, Qara dənizdə Türkiyənin və Rusiyanın, təklikdə və ya birlikdə gücünü tarazlaya biləcək başqa bir gücə ehtiyacımız var ki, bu iki dövlətin yaxınlaşmasından doğa biləcək təhlükələrdən sığortalanmış olaq".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər