Bakının Xəzər rayonunda əmisini qətlə yetirməkdə ittiham olunan Şahin Qədəşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 22-nə təyin olunub.
İstintaq orqanı tərəfindən ötən ilin sentyabrın 29-da, saat 03 radələrində Xəzər rayonu, Buzovna qəsəbə sakini 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Şahin Qədəşovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.