Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 18-də və 19-da ölkə ərazisində qeydə alınan 107, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşlarının fevralın 18-də və 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 17,9 kiloqramdan çox marixuana, 110 qram tiryək, 245 qramdan çox metamfetamin, həmçinin 582 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 18-də və 19-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.