24 Fevral 2023 12:08
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayon Polis İdarəsinin 22-cü polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Teymur Ağayev saxlanılıb.

Teleqraf.com xəbər verir ki, onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

Teymur Ağayev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı sərnişin avtobuslarında cibgirliklə məşğul olan Sərxan Əliyev saxlanılıb.

Araşdırma zamanı bu şəxsin əsasən insanların sıx olduğu vaxtlarda avtobuslarda cibgirliklə məşğul olduğu müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Arşadırmalar davam etdirilir.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


Müəllif: Hacı Zeynalov