A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə zəhərlənən şagirdlərin son durumu açıqlanıb.
TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib: "6 nəfər (dördü qız, ikisi oğlan olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".
***
13:49
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetindən toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
Qeyd olunub ki, məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".
Bildirilib ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.