“Azərbaycanın inkişafı davamlı xarakter daşıyır. İndiyədək reallaşdırılan, eləcə də, bundan sonrakı dövr üçün nəzərdə tutulan əzəmətli layihələr Azərbaycanı dünyaya yeni formada təqdim etməyə imkan yaradıb”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, bütün müsbət dəyişikliklər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının həyatiliyini bir daha sübut edir.
“Prezident İlham Əliyev ölkəmizin dinamik inkişafına nail olmaqla yanaşı, dünya birliyində mövqelərini də xeyli dərəcədə gücləndirməyə müvəffəq olub. Son 11 ildə Azərbaycan dövlətinin uğurları o qədər miqyaslı, əzəmətlidir ki, bu nailiyyətlərə çoxsaylı dövlətlər neçə-neçə onilliklər ərzində nail ola bilməyiblər. Belə bir dinamik inkişafın ən başlıca səbəbi odur ki, Azərbaycan müstəqil, milli maraqlara cavab verən siyasət həyata keçirir” – deyə, komitə sədri vurğulayıb.
Səxavət