10 Yanvar 2015 17:07
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavatda tərəflər yenidən toqquşdu

Müsavat Partiyasında qurultaydan sonra yaranan narazılıq davam edir. Xüsusilə, Qubad İbadoğlunun elan etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatını təşkilatlandırması Müsavatın rəsmi strukturları tərəfindən hiddətlə qarşılanıb. Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı elan edib ki, narazıların bu cür təşkilatlanması onların siyasi partiya qurmasına hazırlıq kimi qiymətləndirilməlidir. Müsavat MNTK-nın sədri Sevinc Hüseynova isə elan edib ki, bir müddət əvvəl Sülhəddin Əkbər Müsavatdan istefa verib, daha sonra isə siyasi partiya qurub. Onun sözlərinə görə, S.Əkbərin qurduğu partiyanın taleyi necə olubsa, indiki narazıların da partiyasının taleyi ona oxşar olacaq.

İsa Qəmbər narazılarda aqressiya yaradır

Ancaq narazılar qarşı tərəfin iddialarını ciddiyə almırlar. Xüsusilə, Müsavatın sabiq başqanı İsa Qəmbərin Arif Hacılını açıq müdafiə etməsi narazıların bir qədər də aqressivləşməsinə səbəb olub. Hətta narazı kəsimdən təkliflər edilib ki, İsa Qəmbər Müsavat Məclisinin sədrliyinə gətirilsin. Əgər o tərəflər arasında bitərəfliyini qoruya bilmirsə, ən yaxşı halda partiyada vəzifə tutsun və bu zaman fikirlərini açıq deməklə aqressiya yaratmasın, haqsız görünməsin.

Hərəkatın loqosu hazırlanıb

Narazılar tərəfindən yaradılan ADR hərəkatının loqosu hazırlanıb. Bu haqda narazı kəsimin nümayəndəsi, başqanlığa sabiq namizəd Səxavət Əlisoy məlumat verib. Onun sözlərinə görə, ortaya çıxarılan loqo ilə bağlı indilikdə müzakirələr aparılır. O, bildirib ki, bu, ilkin variantdır, ancaq böyük ehtimalla qəbul olunacaq. Qeyd edək ki, hazırlanan loqoda Azərbaycanın dövlət bayrağının rəngləri əsas götürülüb. Əlisoy deyib ki, bununla da onlar müəyyən mesajlar verirlər: “Yaşıl rəng İslama bağlıdır - ”Səndən hərəkət, məndən bərəkət". Göy və qırmızı rəng həm türkçülük, həm də müasirlik - üzü Avropa evinə doğru".

Arif Hacılının müavini etiraz edir

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı bildirib ki, Gülağa Aslanlının Mərkəzi İcra Aparatının rəhbəri postuna təyinatı partiyada müsbət qarşılanıb. Bu təyinatdan narazılıq edən Səxavət Əlisoya, əslində, baş qoşmağa dəyməz: “Çünki Səxavət Əlisoy artıq Müsavat Partiyasının üzvü deyil. Onun partiyanın daxili işlərinə, təyinatlara burnunu soxması siyasi etikasızlıqdır. Siyasi etikası olmayanlara ciddi cavab da verilməlidir. Ağzının danışığını bilməyən, etikası olmayan, siyasət haqqında anlayışı olmayan, siyasi idarəçilik nədir bilməyən insanlara cavab vermək faydasız söz-söhbətə səbəb olacaq. O söz söyləyənlərin də məqsədi Müsavata söz atmaqla gündəmdə qalmaqdır. Odur ki, onlara bu imkanı verməyin doğru olmadığını düşünürəm. Gülağa bəyin təyinatına qarşı çıxanlar Müsavatda olduqları müddətdə Müsavat üçün Gülağa Aslanlıdan artıq zəhmət sərf ediblər? Qətiyyən. Ona görə də onların haqqı yoxdur ki, Müsavat üçün fədakarlıq göstərən bir şəxsin partiyada vəzifəyə təyin olunmasına qarşı çıxsınlar”.

Hikmət Hacızadə Müsavatı terrorçulara bənzətdi

Bu arada Müsavat Partiyasından könüllü istefa verən Hikmət Hacızadə maraqlı fikirlər işlədib. Hacızadə daha çox Fransada jurnalın karikatura çap etdiyi səbəbindən redaksiyaya edilən hücumu pisləyib, bunu Müsavatdakı durumla müqayisə edib: “Fransada karikaturaya görə törədilən dəhşətli qətliamı qətiyyətlə pisləyirəm. Bir qeydim də var: Az adam fikir verdi ki, Parisdəki bu hadisə ilə Müsavatda ifadə azadlığına görə cəzalar eyni mahiyyətdədir. Sözə, ifadəyə görə cəza olmamalıdır - budur demokratik dünyanın son qənaəti”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər