12 Yanvar 2015 14:44
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vasitəçi olmaq iddiasında deyiləm”

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin 2015-ci ilin parlament seçkiləri ilə əlaqədar müxalifətin yenidən birləşə biləcəyi proqnozuna reaksiyaların hamısı müsbət olmadı.

Xüsusən də, AXCP istiqamətindən sərgilənən mövqe onu deməyə əsas verir ki, sabiq baş nazirin təbirincə, müxalifətin konsolidasiyası ehtimalı böyük yox, əksinə aşağı səviyyədədir.

Müsavat Partiyasının lideri İsa Qəmbər və hazırki başqan Arif Hacılı ilə uzun illər silahdaş olan və sıcaq münasibətlərə malik P.Hüseyn müxalifətin yenidən bir araya gəlməsi, daha konkret Müsavatla AXCP-nin yaxınlaşması istiqamətində araçılıq etməyə başlayıb. AXP sədri deyib: “Müsavat Partiyasının qurultayından sonra bəzi AXCP funksionerləri siyasi etikanın bütün qaydalarının ziddinə qurultayın və onun qərarlarını, onun “legitimliyi” məsələsini hallandırmağa cəhd etmişdilər. Bu, heç də sıradan məsələ sayılmaya bilər. Müsavatın yeni başqanı da ardıcıl olaraq AXCP ilə əməkdaşlıq bəyanatları səsləndirir və müzakirələrə hazır olduğunu bildirir. Nəzərə alınsa ki, Müsavat - AXCP münasibətlərinin gərginləşməsində həm AXCP, həm də Müsavat daxilində əsas “təqsirkar” olaraq Arif Hacılını təqdim etməyə çalışırlar, o halda bu da maraqlı gəlişmələr vəd edir. Hər halda, bu məsələdə top AXCP sahəsinə ötürülüb”.

AXCP-Müsavat münasibətləri necə korlandı?

Yada salaq ki, Müsavatın Milli Şuradan ayrılmasından sonra AXCP ilə Müsavat arasında sərt qarşıdurma yaşandı. Partiya funksionerləri arasında söz atışmaları təhqir müstəvisinə keçdi. O zaman Müsavatda qurultay keçirilməmişdi, Arif Hacılı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri postunu daşıyırdı və cəbhəçilərlə söz savaşının əsas iştirakçısı idi. Hazırda isə başqan postunda olan A.Hacılı AXCP-yə birlik mesajları yönəldir və builki parlament seçkilərində birgə iştiraka meyllidir. AXCP ilə Müsavat arasında yeganə tavan olan İctimai Palatanın fəaliyyətinə son qoyulandan sonra bu iki partiyanın bir araya gəlməsi mümkünsüz hala çevrilib.

AXCP Milli Şura daxilində fəaliyyət göstərir, Müsavat isə Düşüncə Mərkəzi və siyasi partiyaların Demokratiya və İnsan haqları adlı təşkilatlarda təmsil olunur.

Müsavat indiyədək AXCP-yə istiqamətlənən bir sıra jestlər edib. Onun təşkil etdiyi mitinqlərə qatılıb, öz mitinqlərinə dəvət edib. Amma qarşı tərəf hər iki hala etinasız yaşanıb.

Belə olan halda P.Hüseynin təklifinin, yəni parlament seçkiləri ərəfəsində bu iki partiyanın da bir yerdə olacağı seçki blokunun yaranacağı şübhə doğurur.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı hesab edir ki, real müxalifət bir aradadır və Milli Şura çərçivəsində əməkdaşlığı mövcuddur: “Kənarda nə qüvvə, nə də əməkdaşlıq mexanizmləri axtarmağa ehtiyac var”.

AXCP rəhbərliyində təmsil olunan Nurəddin Məmmədli də bu təklifə müsbət yanaşmayıb: “AXCP-nin indiki halda Milli Şuradan kənar hər hansı ikitərəfli və çoxtərəfli əməkdaşlığı ziyanlı tendensiyadır. Bu gün Azərbaycanda ideoloji cəhətdən bir-birinə yaxın olan müxalifət qüvvələri Milli Şura ətrafında birləşib. Ona görə də Milli Şuradan kənar hər hansı əməkdaşlığı zərərli tendensiya hesab edirəm”.

Bəs belə olan halda P.Hüseyn müxalifətin birliyi üçün danışıqlara şəxsən özü başlayacaqmı?

“Müxalifətin birliyi çox çətin problem kimi görünür”

P.Hüseyndən əvvəla AXCP funksionerləri tərəfindən verilən reaksiyalara münasibət öyrəndik. O Teleqraf.com-a bildirdi ki, hər bir kəsin söz və fikir azadlığı var və öz fikirlərinə uyğun fəaliyyətini qurmaq imkanları mövcuddur: “ Mən bütün mövqelərə hörmətlə yanaşıram və öz fikrimi ifadə etmişəm. Ayrı-ayrı siyasətçilərin və siyasi təşkilatların münasibətindən asılı olmayaraq, demokratik maraqlar naminə birləşmək və əməkdaşlıq etmək mümkündür. Təklif edirəm ki, bu il keçiriləcək parlament seçkilərində qeyri-iqtidar qüvvələrinin əksəriyyətini birləşdirən seçki əməkdaşlığı koalisiyası formalaşsın. Bu, çox çətin problem kimi görünür. Amma məncə, mümkündür, bu istiqamətdə də çalışacağıq”.

“Pənah Hüseyn özü vasitəçi olacaq?”

“Özünüz vasitəçi ola bilərsinizmi” sualına P.Hüseynin cavabı belə oldu: “Vasitəçi” əlverişli termin deyil. Mən heç bir məsələdə vasitəçilik missiyasında olmaq iddiasında deyiləm. Bu istiqamətdə çalışanlar var və onlardan biri də mənəm. Nə mümkündür, edəcəyik”.

“Milli Məclisə seçkilərdə iştirakın tərəfdarıyam”

Müxalifətin parlament seçkilərinə blok şəklində qatılmağın mümkünlüyünə gəlincə, AXP sədri vurğuladı ki, seçkiyə hansı formada getmək məsələsi sonrakı dövrdə müəyyən olunacaq: “Maksimuma nail olmağı düşünürük, bəlkə də minimuma nail olacağıq, yaxud təsəvvürlərimizdən də geniş nəticə olacaq. Xalq Partiyasının seçkilərdə iştirak etmək niyyəti var və ümumiyyətlə, mən Milli Məclisə seçkilərdə iştirakın tərəfdarıyam”.

“Namizədliyinizi yenəmi Sabirabad rayonundan verəcəksiniz” sualını isə P.Hüseyn belə cavablandırdı: “Bu artıq konkret məsələlərdir, irəlidə müəyyən olunacaq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər