4 Noyabr 2023 12:40
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadı və qızı itkin düşən kişi Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hədə-qorxu gəlib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Lənkəran sakini, 1958-ci il təvəllüdlü Valeh (adlar şərti verilib – red.) sərxoş vəziyyətdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək həyat yoldaşı və qızının evdən getməsi, bu günə kimi ondan xəbər ala bilməməsi barədə Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsində aparılan araşdırmadan narazı olduğunu bildirib.

O, 102 Xidmətinin inzibati binasına gələrək binanı partladacağını bildirib. Bundan sonra Valeh Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə dəvət olunub.

O, etiraz edərək gəlmək istəməyib. Bölməyə gətirilən zaman isə səs-küy salıb, ictimai qaydanı pozub. Polis əməkdaşları onu nizam-intizama tabe olmağa dəvət etsələr də, Valeh tabesizlik göstərib. Polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə inzibati qaydada ittiham verilib.

İş üzrə izahat verən təqsirli bilinən şəxs törətdiyi əməli etiraf edib. O bildirib ki, sərxoş vəziyyətdə 102 Xidmətinə zəng edərək hədə-qorxu gəlib: “Buna səbəb son dövrlər yaşadığım ailə problemləridir. Polis bölməsinə dəvət ediləndə içkinin təsirindən özümdə olmamışam. Polis əməkdaşları ilə mübahisə edərək tabesizlik göstərmişəm. Əməlimdən peşmanam”.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə Valeh 15 gün müddətinə inzibati qaydada həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər