Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 7900 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Seymur İsayev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Sənan Qasımov tutulub.
Ondan heroin aşkar olunub.
Araşdırmalarla onun qəsəbə ərazisində digər bir evdən pul oğurlaması da müəyyən olunub.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 18-də metronun “28 May” stansiyasının qarşısında yerləşən lotoreya satışı məntəqəsində piştaxtanın üzərindən 90 ədəd lotereya biletini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov həbs olunub.
Bu işlə bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.