20 Yanvar 2015 10:00
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar anım tədbirlərinə ölkənin aparıcı siyasi partiyalarının üzvləri də qatılacaq.

Siyasilər Şəhidlər Xiyabanını ziyarət edəcək, şəhidlərimizin məzarına gül düzüb, ruhuna dualar oxuyacaqlar. Bundan öncəki illərdə bir çox müxalifət partiyaları anım mərasimlərinə birgə qatılıb.

Hazırda müxalif partiyalar arasında sıcaq münasibət olmasa da, həmrəylik göstəriləcəyi proqnozlaşdırılırdı. Bir çox siyasilər isə hesab edir ki, Şəhidlər Xiyabanını ziyarəti siyasi aksiyaya çevirmək doğru hal deyil.

Bəs bu il anım mərasimi necə olacaq?

YAP anım tədbirlərinə tam heyətlə qatılacaq

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bütün rayon və şəhər təşkilatlarında artıq bir neçə gündür anım mərasimləri keçirilir. Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin sözlərinə görə, Gəncə şəhərində YAP-ın Gənclər Təşkilatının 200-dən artıq üzvünün iştirakı ilə möhtəşəm yürüş mitinqi keçirilib:

“Bu gün isə YAP-ın Bakı şəhər üzrə fəalları şəhidlərimizin məzarı ziyarət edəcək. YAP rəhbərliyi də daxil olmaqla YAP üzvləri anım tədbirlərinə qatılacaqlar. Ziyarət üçün konkret vaxt nəzərdə tutulmayıb. 600 mindən çox üzvümüz gün ərzində özünün vətəndaşlıq borcunu yerinə yetirəcək”.

“Xalqın sırasında olacağıq”

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı dedi ki, rəhbərlik etdiyi partiya çağdaş Azərbaycan tarixi ilə bağlı bütün proseslərdə fəal iştirak edir: “Tariximizin qan yaddaşı və qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri ilə bağlı anım tədbirlərinə AVP özünün bütün strukturu ilə qatılır. Rayon və şəhər təşkilatlarımızın nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edirlər. Biz xalqla bərabər şəhidlərimizi yad edib onların ruhu qarşısında baş əyəcəyik. Yüz minlərlə insan saat 10.00-dan cənab Prezidentin rəsmi ziyarətindən sonra Azərbaycan xalqının milli ziyarətgahına axın edir. Biz də o sırada olacağıq”.

REAL şəhidləri ziyarətin siyasi aksiyaya çevrilməsinin əleyhinədir

Respublikaçı Alternativ (REAL) hərəkatının icra katibi Natiq Cəfərli söylədi ki, birgə ziyarət üçün hər hansı partiya və təşkilatlarla danışıq olmayıb: “Bütün üzvlərimizin siyahısı var, onların elektron poçtuna yazmışıq ki, saat 13.00-da Şəhidlər Xiyabanı ziyarət olunacaq, anım mərasiminə qatılmaq istəyənlər gəlsin. Üzvlərimizin çoxu kommersiya təşkilatlarında çalışdıqlarından, 20 Yanvar günü onlar üçün iş günü sayılır. Bu səbəbdən ziyarət üçün nahar vaxtını seçmişik. Təşkilatlanmış şəkildə hər hansı partiya və hərəkatla bir yerdə etməyi düşünmürük. Çünki bu, mənəvi bir məsələdir. İnsan şəhidlər qarşısında borcu hiss edib ziyarətə getməlidir. Təşkilatçılıq və siyasi qərarla üzvləri yığmaq düzgün deyil. Biz həmişə bunun əleyhinə olmuşuq. Bu il də həmin qayda ilə hərəkət edəcəyik. Sırf üzvlərimizə şəxsi yazışmalarla müraciət etmişik. REAL bu ziyarətin siyasi aksiya və siyasi güc göstərilməsinə çevrilməsinin əleyhinədir. Bu, daha çox mənəvi borc məsələdir. Bundan siyasət aləti kimi istifadə edilməsi düzgün deyil”.

AMİP lideri Etibar Məmmədov da partiya ziyarətçilər arasında olacaq

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Şəhidlər Xiyabanını partiya üzvləri ilə birlikdə ziyarət edəcək. Partiya sədrinin beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev xatırladıb ki, AMİP yarandığı gündən anım tədbirlərində iştirak edir: “Bilirsiniz ki, AMİP lideri Etibar Məmmədov həmin hadisələr dövründə baş vermiş cinayəti dünyaya çatdırmaq üçün Moskvaya gedib mətbuat konfransı keçirib və SSRİ DTK-sı tərəfindən həbs olunmuşdu. Adətən, partiyamız bu tədbirlərə təkbaşına qatılır. Anım tədbirində AMİP lideri Etibar Məmmədov, partiya rəhbərliyi və üzvlərimiz iştirak edəcək. Təxminən saat 12 radələrində şəhidlərimizi ziyarət etməyi planlaşdırırıq”.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) isə öz üzvlərinə elan verib ki, saat 12.00-da Parlament prospektinin başlanğıcında (keçmiş Əzizbəyov heykəli) toplaşsınlar. Partiyanın sədr müavini Bəybala Əbil qeyd etdi ki, ümumxalq hüzn gününə KXCP üzvləri böyük heyətlə qatılacaq.

AXCP ziyarətə Milli Şura tərkibində qatılacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) anım tədbirlərində Milli Şura tərkibində iştirak edəcək. Partiya sədrinin müavini Razi Nurullayevin sözlərinə görə, bunun üçün ciddi hazırlıq görülüb: “Facebook sosial şəbəkəsində ziyarətlə bağlı xüsusi toplantı yaradılıb, 3 min nəfərdən çox adam tədbirə qatılacağını təsdiqləyib. Böyük izdihamın olacağı gözlənilir. Saat 12.00-da ziyarət edə biləcəyik”.

O, digər partiyalarla birgə qatılmaq barədə müzakirənin aparılıb-aparılmadığı barədə məlumatsız olduğunu dedi: “Hazırda AXCP Milli Şura çərçivəsində fəaliyyət göstərir. Gündəmdə Milli Şuradan kənar hər hansı blok və partiyalarla əməkdaşlıq məsələsi yoxdur”.

Müsavatçılar AXCP ilə ayrı gedir

Müsavat Partiyası isə anım tədbirlərinə əvvəlki illərdə birgə qatıldığı AXCP-dən yarım saat sonra qatılacaq. Müsavat başqanının müavini Elman Fəttah söylədi ki, hansısa təşkilatın üzvləri və ya sıravi vətəndaşlar Müsavatla birgə Şəhidlər Xiyabanına üz tutmaq istəsə, qoşula bilər: “Əslində digər partiyalarla hər hansı danışıq olmayıb. Ziyarət əsnasında vaxt üst-üstə düşərsə digər partiyalarla birgə anım baş tutacaq. Xüsusi tədbir deyil ki, təşkilatçılıq edəsən”.

ADR ayrı-seçkilik qoymayacaq

Müsavatçıların böyük əksəriyyətinin təmsil olunduğu, başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah hərəkatına gəlincə, onlar da anım tədbirində Müsavatla bir yerdə iştirak edəcəklər. Müsavat Qadınlar Birliyinin sədri, ADR hərəkatının üzvü Ellada Məmmədli vurğuladı ki, hələ ADR-in təsis yığıncağı keçirilmədiyindən ziyarətə ayrıca hərəkat kimi qatılmayacaqlar: “ADR-də təmsil olunan müsavatçılar Şəhidlər Xiyabanını Müsavat Partiyası ilə birgə ziyarət edəcək. Kənar partiyaların nümayəndələri isə öz partiyaları ilə gedəcəklər. Bitərəflər isə dedilər ki, müsavatçılara qoşulacaqlar. Belə gündə ayrı-seçkilik də qoymaq doğru deyil”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər