Azərbaycanda külli miqdarda qızıl-zinət əşyalarının sanitar qovşaqda gizlədilərək ölkəyə keçirilməsinə cəhd göstərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıb.
Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı 31 ədəd bağlamada qızıl-zinət əşyalarını pasport yoxlanış keçid məntəqəsinin qarşısında olan sanitar qovşaqda təmizlik işlərini aparan şəxsə verib, sonuncu da qeyd olunan qızıl-zinət əşyalarını zibil və salfetka qablarında gizlədib. Qeyd olunan zibil və salfetka qablarına keçirilən baxış zamanı 31 ədəd bağlamada, ümumi çəkisi 8 kiloqram 400 qram olan qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.