Yanvarın 23-də Davosda dünyanın iqtisadi liderlərinin qeyri-formal toplantısı keçirilib.
Teleqraf.com-un məlumatına görə, “Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Dövlətimizin başçısı çıxışında beynəlxalq aləmdə təzahür edən terror hallarına toxunub. Terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışıb.
Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktının həyata keçirildiyini, nəticədə 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu vurğulayıb.
Dövlətimizin başçısı onu da bildirib ki, Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib və antiterror koalisiyasının fəal üzvlərindən olub.
Yanvarın 23-də Prezident İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başa çatıb.