27 Yanvar 2015 12:19
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupu fərqli formatda

Milli Məclisin deputatı Azay Quliyevin Almaniya və Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrliyinə daxil edilməsi ilə bağlı təklifi müzakirələrə səbəb olub. A.Quliyev bildirib ki, Almaniya ilə yanaşı Türkiyənin Minsk Qrupunun həmsədrliyinə gətirilməsi barədə ATƏT PA-nın fevralda Vyanada keçiriləcək qış sessiyasında məsələ qaldıracaq: “Almaniyanın kansleri xanım Angela Merkelin cənab Prezident İlham Əliyevlə yanvarın 21-də keçirtdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəsinin və Avropa İttifaqının daha fəal olacağı haqqında səsləndirdiyi fikirlərini təqdir edirəm. Düşünürəm ki, Almaniyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyinə gətirilməsi məsələsi Xarici İşlər Nazirliyi tərəfindən rəsmi olaraq müzakirəyə çıxarılmalı və bu istiqamətdə müvafiq addımlar atılmalıdır. ATƏT PA-nın gələn ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək ”5-lik Sədrlər Şurası" (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırıram".

“Almaniya Azərbaycana lazımdır”

A.Quliyevin təklifinə münasibət bildirən deputat Zahid Oruc əvvəla Azərbaycanın dövlət başçısının Almaniyaya səfərini şərh edib. Onun fikrincə, sözügedən səfər çox uğurlu olub: “Çünki ölkəmizin Qərblə münasibətləri kəsdiyini, Rusiyaya qarşı reveranslar etmək üçün müxtəlif bəhanələrə əl atıldığını deyənlər yanıldılar. Almaniyanın timsalında Azərbaycanı hədələyən, qorxudan dairələrin mövqeləri uğur qazanmadı. Eləcə də buna qədərki dövrdə hər iki ölkənin mediasında, xüsusən də dövlət tərəfindən müdafiə olunan KİV-lərdə biri digərinin əleyhinə gedən mövqelər də bu müddət ərzində siyasi elitaların münasibətlərinə təsirsiz ötüşüb. Çünki xanım Merkel cənab Prezidentə münasibətdə soyuqluq, ikibaşlı bəyanatlar səsləndirmədi. Bu, o deməkdir ki, Avropa Birliyinin əsas aparıcı iqtisadi-siyasi lokomotivi olan Almaniya Azərbaycana lazımdır.”

“Almaniyanın prosesə qoşulmasına Ermənistan razılıq verərmi?”

Z.Oruc əlavə edib ki, zaman-zaman Türkiyə və ayrılıqda Almaniyanın ATƏT-in Minsk Qrupuna cəlb olunması məsələsi səsləndirilib: “Bir çoxları deyirdi ki, bu məsələdə format dəyişməsə, problem yoluna qoyulmayacaq. Bu fonda hər hansı dövlətin həmsədrlikdən çıxarılaraq yenisi ilə əvəz olunmasındansa, həmsədr ölkələrin sayının artırılması mövqeyi dilə gətirilirdi. Azay Quliyev Qarabağ probleminin həllinin hazırkı ölü nöqtədən tərpənməsi üçün mövqe arayışındadır. Onun bu təklifi alqışalayiqdir. Amma biz bir neçə məqamı nəzərə almalıyıq. Doğrudur ki, həm Almaniya, həm də Türkiyə ATƏT-in Minsk qrupunun üzvləridir. Qrupda yer alan elə dövlət var ki, onun heç Qafqazda xüsusi maraqları yoxdur, istəsə də təsir edə bilməz. Məsələn, Finlandiya format təşkil olunanda 11-liyin içərisində yer alıb. ATƏT-in Minsk qrupunda həmsədrlik institutu təsis olanda konsensus prinsipi tətbiq edilib. Yəni Ermənistan və Azərbaycan tərəfindən hər hansı biri razılıq verməsə, həmin format dəyişdirilə bilmir. Almaniya və yaxud Türkiyənin prosesə qoşulmasına Ermənistan razılıq verərmi? Təbii ki, yox. Digər tərəfdən Almaniyanın özünün rol alması ABŞ, Rusiya, Fransanı həqiqətənmi razı salacaq? Onlar da bu prosesə müqavimət göstərəcək. Ən önəmlisi üçlük beşliyə çevriləndə, problem bir az da beynəlmiləlləşəndə onlar arasında dartışma və savaş daha da genişlənəcək. Sıra sayını artırmaqla problemi həll edəcəyimizi düşünmək o qədər də uğurlu nəticə verməyə bilər”.

Z.Oruc hesab edir ki, üç həmsədr ölkənin fəaliyyətinin bizi qane etmədiyinə dair təbliğat aparmağımız informasiya, siyasi və psixoloji müharibədə xeyirlidir: “Bunu Avropa Şurasında, ATƏT-də qaldırmaq faydalıdır. Amma bilməliyik ki, məsələ bu qədər sadə deyil.

“Almaniya Cənubi Qafqazda aktiv deyil”

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə həmkarının təklifini xoşməramlı saysa da, hesab edir ki, praktik deyil: “Siyasət nəzəriyyə deyil, ortada olan reallıqdır və mümkünlərin toplusudur. İş burasındadır ki, Minsk qrupunun həmsədr ölkələri regiona təsiri və Cənubi Qafqazdakı dövlətlərlə sıx bağlılığı olan və nüfuzlu ölkələrdən yaranmış qurumdur. Almaniya güclü ölkədir, amma Cənubi Qafqaz regionunda aktiv işləyən dövlətlərdən deyil. Yaxud burada olan ölkələrlə xüsusi münasibətləri yoxdur. Biz Rusiya, ABŞ və Fransanı digər ölkələrlə dəyişməklə əslində məsələnin həllini zəiflətmiş olarıq. Bu, posta növbə çəkmək deyil ki, ölkələr 5 ildən bir həmsədrlik etsinlər. Qarabağ probleminin həllinə təsir edə bilən və eyni zamanda, nəticəni onlardan tələb edə biləcəyimiz ölkələr - Rusiya, Fransa və ABŞ-dır. Bu baxımdan ən optimalı bu üç ölkədir. Düzdür, həmsədr ölkələr sırasında 4 ölkə olmalı, Türkiyə də təmsil edilməli idi. Ancaq həmsədrlər qrupunun tərkibi hər iki münaqişə tərəfi ilə razılaşdırılır. Ermənistan isə Türkiyənin bu qrupda olmasına etiraz etdiyinə görə həmsədrlərdən biri deyil”.

“Rusiya, ABŞ və Fransanın Minsk qrupundakı həmsədrliyi daha düzgündür”

YAP-çı millət vəkili hesab edir ki, Rusiya, ABŞ və Fransanın Minsk qrupundakı həmsədrliyi daha düzgündür: “Onları dəyişmək yox, məsələ qaldırıb fəal işləməsini tələb etmək lazımdır. Biz bu qrupdan imtina etsək, problemi sonsuzluğa qədər uzadar və onun həllinin potensialını azaldarıq. Bundan başqa həmsədrləri dəyişsək, məsuliyyəti konkret heç kəs daşımayacaq. Həmsədrliyin, sadəcə, növbətçilik xarakteri daşıyan amorf bir vəziyyətə gətirib çıxarmaq olmaz”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər