Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar davam etdirilir.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfər şəxsə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.
Həmçinin, aşkar edilmiş insan qalıqları xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılıb.
Baş Prokurorluq tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, həmçinin, iş üzrə həmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə ekspertiza və laborator müayinələr aparılır, eləcə də digər zəruri prosessual hərəkətlər həyata keçirilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi tərəfindən keçirilən məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində Xankəndi sakini olmuş daha 1 nəfərin şəxsiyyəti müəyyən edilib. Bununla da, kütləvi məzarlıqda aşkar olunan insan qalıqlarından 10 nəfərin şəxsiyyəti müəyyən edilib:
(Xocalı rayon sakinləri)
1. Əliyev Ağaəli Naib oğlu (01.06.1933)
2. Əliyeva Sürəyya Behbud qızı (01.06.1933)
3. Mahmudov Akif Seydulla oğlu (01.06.1962)
4. Səlimov Xəzər Səyavuş oğlu (01.09.1974)
5. Səlimova Tamilla Ağamirzə qızı (01.06.1935)
6. Nəcəfov Şiraslan Məmiş oğlu (01.06.1952)
(Xankəndi şəhər sakinləri)
7. Cavadov Əli Müsül oğlu (15.06.1954)
8. İsmayılov İsmayıl Bəhman oğlu (01.08.1955)
9. Məhərrəmova Bəsirə Vəli qızı (01.06.1954)
10. Məhərrəmov Vaqif Cəmil oğlu (01.06.1951)
İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.
Toplanmış materiallar Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işinə əlavə edilərək araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.