2013-cü il prezident seçkiləri öncəsi müxalifətin yaratdığı Milli Şuranın Koordinasiya Mərkəzinə təkrar səsvermədə qurumun təsisçilərindən olan KXCP sədri Mirmahmud Mirəlioğlunun seçilməməsi geniş müzakirələrə səbəb olub.
Milli Şura M.Mirəlioğlunun kənarda saxlanmasını KXCP sədrinin son vaxtlar qurumun sessiyalarına, tədbirlərinə qatılmaması ilə əsaslandırıb və vurğulanıb ki, bu səbəbdən onun Koordinasiya Mərkəzi üzvlüyünə namizədliyi irəli sürülməyib.
KXCP sədri Milli Şuranın toplantısı barədə məlumatsız olduğunu bildirib: “Nə toplantı, nə də toplantıdakı qərarlardan xəbərim yoxdur, maraqlanmıram”.
M.Mirəlioğlu “Milli Şuranın iclaslarına niyə qatılmırsınız” sualına cavab vermək istəməyib.
Bəs Milli Şura ilə KXCP arasındakı soyuqluq hansı səbəbdən yaranıb?
Səbəblərdən birinin M.Mirəlioğlunun Müsavat Partiyası ilə birgə Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzini təsis etməsi və bu təşkilatda aktiv iştirakının olduğu deyilir. Mərkəzi AXCP başda olmaqla Milli Şura boykot edilir.
M.Mirəlioğlu son açıqlamasında Milli Şuranın öz missiyasını bitirdiyini bəyan etmişdi: “Bütün rıçaqlar əllərində olmasına baxmayaraq, 1 il hakimiyyətdə qala bilməyən dostlarım, əqidədaşlarım sonradan prezident seçkiləri ilə bağlı qurum yaradıb, bəziləri istəyirlər ki, bu qurum uzunömürlü olsun. Bu adamlar hakimiyyətin uzunömürlü olması üçün belə çalışmadılar, amma müxalifətdə olanda bir qurumun ömrünün sonsuzluğa qədər davam etməsini istəyirlər”.
KXCP ilə Milli Şuranın münasibətlərinin korlanmasının səbəbləri və qurumun son sessiyasına partiya rəhbərliyinin qatılmaması ilə bağlı suallarımızı KXCP-nin Ali Məclis sədri Bəybala Əbilə ünvanladıq.
B.Əbil xatırlatdı ki, Milli Şurada təmsilçilik fərdi qaydadadır və KXCP sədri də daxil olmaqla, bir neçə partiya üzvü qurumda üzvdür. O bildirdi ki, Milli Şuranın son toplantısına dəvət olunsalar da, nə özü, nə də KXCP sədri qatılmayıb: “Burada olmadığım üçün sessiyaya gedə bilmədim. Mirmahmud Mirəlioğlu da iclasda iştirak etmədiyi üçün qurumun Koordinasiya Mərkəzinə seçilməyib. Onsuz da qurumda fərdi təmsilçilikdir”.
“Mirmahmud Mirəlioğlu düz deyir”
Onun sözlərinə görə, əvvəllər Milli Şuranın sessiyaları KXCP-nin qərargahında keçirilirdi və partiya rəhbərliyi də açıq şəkildə bəyan edirdi ki, qurum yığıncaqlarını keçirə bilər: “Bizim qərargahda keçirilən son 2 tədbirdə fikir ayrılıqları yaranmağa başladı. KXCP bələdiyyə seçkilərinin tərəfdarı idi, Milli Şura isə seçkilərdə iştiraka önəm vermirdi. Milli Şura prezident seçkiləri ərəfəsində yarandı, fəaliyyəti də normal oldu. Seçkilər 2013-cü ildə oldu, indi isə 2015-ci ildir. Qurum heç bələdiyyə seçkilərinə yaxın durmadı, amma KXCP qatıldı. Söylədik ki, nə fərqi var, ya prezident, ya da bələdiyyə seçkiləri olsun, iştirak vacibdir. Əslində, Milli Şuranın bu addımından belə çıxırdı ki, sırf prezident seçkilərinə yönəlik qurumdur. Əgər bələdiyyə seçkilərinə münasibət bildirmirsə, hüquq müdafiəçilərilə bağlı yaranan Mərkəzə və digər birliklərə qoşulmursa, onda Milli Şura özünü ictimai siyasi proseslərdən kənarda saxlayır. Mirmahmud Mirəlioğlu düz deyir, Milli Şuranın missiyası bitmiş sayılır”.
“Milli Şuraya üzv qəbul ediləndə fikir ayrılıqları oldu”
O əlavə edib ki, seçkidən başqa KXCP ilə Milli Şura arasında qurumun sıralarının genişləndirilməsi, üzvlərinin formalaşması istiqamətdə də fikir müxtəliflikləri vardı: “Sözsüz, belə fikir müxtəliflikləri Milli Şura üzvlərinə təsir göstərdi. Fikir ayrılıqları normal bir şeydir. Bundan ötrü KXCP-nin qərargahından imtina etmək də doğru deyildi. Bütün olanları çox da ciddiyə almadıq. Xüsusi qərar verib mövqe bildirməyə ehtiyac duymadıq. Biz nə Milli Şuraya daxil olan partiyalar, nə də digər partiyalarla ziddiyyətə getməyi düzgün qəbul etmirik. Düşünürük ki, necə ki, müxalifət 2013-cü ildə bir yerə toplandı, o cür də davam etsin. Ziddiyyət varsa da, bunu qabartmağı düzgün saymırıq”.
Xatırladaq ki, Milli Şuranın 2014-cü il mayın 3-də keçirilən sessiyasında qurumun sıralarının genişləndirilməsi ilə bağlı qalmaqal yaşanmışdı. Sessiyada Milli Şuraya yeni üzvlərin qəbul edilməsi elan olunanda KXCP bu qərara etiraz etmişdi. Bu etiraza əsas səbəbi yeni üzvlərin Əli Kərimliyə yaxın şəxslər və cəbhəçilər olması idi. KXCP sədri Mirmahmud Mirəlioğlu və bir neçə partiya üzvü o zaman yeni üzvlər qəbul ediləcəyi təqdirdə qurumu tərk edəcəklərini bəyan etmişdilər.
Lakin sonradan Milli Şura üzvlərin qəbul edilməsi məsələsini təxirə salmışdı. Yalnız Ə.Kərimliyə yaxın olan, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid birliyə üzv seçilmişdi. Bununla da KXCP qərarını dəyişərək Milli Şura ilə birlikdə fəaliyyətini davam etdirmişdi.
NƏRGİZ