Milli Məclis sədrinin müavini, parlamentdə İsveçrə ilə dostluq qrupunun rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti İsveçrədə səfərdə olub.
Deputatlardan Elton Məmmədov və Malik Həsənovun daxil olduğu nümayəndə heyəti əvvəlcə İsveçrə parlamentinin binası ilə tanış olub, sonra qanunverici orqanın hər iki palatasının iclaslarında fəxri qonaq qismində iştirak edib.
Daha sonra parlamentin aşağı palatası – Milli Şuranın sədri Stefan Rossini və yuxalı palatası – Kantonlar Şurasının sədri Klod Eşlə görüş keçirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Milli Məclisin sədr müavini beynəlxalq ictimaiyyətin, o cümlədən bir dost ölkə olaraq İsveçrənin Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkməsi üçün bu ölkəyə təsir edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan tərəfinin mövqeyini çox yaxşı başa düşdüklərini qeyd edən palata sədrləri bu münaqişənin ədalətli həlli üçün İsveçrənin hər cür yardım etməyə hazır olduğunu vurğulayıblar.
Nümayəndə heyətinin İsveçrə parlamentində Azərbaycanla dostluq qrupunun sədri Kristina Eqerzeqi-Obrist və sədr müavini Filippo Lombardi ilə görüşündə tərəflər iki dostluq qrupu arasında mövcud əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da gücləndirilməsi imkanlarını, müxtəlif beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
Daha sonra nümayəndə heyəti İsveçrə parlamentinin hər iki palatasının xarici siyasət komitələrinin sədrləri Feliks Qutzviller və Karlo Sommaruqa ilə görüşüblər. Görüşdə komitə sədrləri Azərbaycan və İsveçrə parlamentləri arasında müxtəlif formatlarda əməkdaşlıq və hər iki dostluq qrupunun bu əməkdaşlığın inkişafında oynadığı roldan məmnun olduqlarını qeyd edib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq, vətəndaş cəmiyyətinin fəaliyyəti və s. ətrafında fikir mübadiləsi aparıblar. K.Sommaruqa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüququn prinsiplərinin əsas götürülməli olduğunu söyləyib və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyini vurğulayıb. F.Qutzviller Azərbaycanda gedən inkişaf prosesinin şəxsən şahidi olduğunu və bunun onda xoş təəssürat oyatdığını bildirib.
Həmin gün Milli Şuranın sədri Stefan Rossininin adından nümayəndə heyətinin şərəfinə ziyafət verilib.
Növbəti gün Milli Məclisin nümayəndə heyəti İsveçrə Federal Xarici İşlər Departamentinin dövlət katibi İv Rosye ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, o cümlədən İsveçrənin ATƏT “üçlüyü”nə daxil olan ölkə kimi buna verə biləcəyi töhfə, Azərbaycan və İsveçrə arasında iqtisadi və enerji sahəsində əməkdaşlıq, vətəndaş cəmiyyətinin fəaliyyəti və s. məsələlər müzakirə edilib.
Daha sonra nümayəndə heyəti Bern şəhərinin meriyasında olub və şəhər meri Aleksandr Çeppetlə görüşüb. A.Çeppet azərbaycanlı deputatları İsveçrədə bələdiyyələrin işinin təşkili, Bern bələdiyyəsinin fəaliyyəti və ümumilikdə İsveçrə federal sistemində bələdiyyələrin yeri və rolu barədə məlumatlandırıb.
Səfər İsveçrənin tarixi ilkin orta əsrlər dövründən başlayan yaşayış məskəni – Qrüyeri ziyarətdən ibarət mədəni proqramla davam edib. Qrüyer meri Jan-Pyer Duta ilə görüşən nümayəndə heyəti bu qəsəbə ilə Azərbaycanın müvafiq qəsəbəsi arasında mümkün əməkdaşlıq ideyası ətrafında fikir mübadiləsi aparıb.
Səxavət