“Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi yenidən gərgin müzakirələrə və mübahisələrə səbəb olub. Parlamentin Regional məsələlər komitəsinin iclasında sözügedən qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.
Qanun layihəsi barədə məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, belə bir sənədin ayrılıqda qəbuluna ciddi ehtiyac var: “Qeyd edim ki, birinci oxunuş zamanı qanun layihəsinə elə də ciddi iradlar olmadı. Amma bununla yanaşı belə bir fikir səsləndi ki, bələdiyyə qulluqçuları ilə bağlı ayrı qanuna ehtiyac yoxdur, onu dövlət qulluqçularının etik davranış qaydaları kodeksi ilə birləşdirmək lazımdır. O da deyildi ki, əgər bələdiyyə qulluqçuları ilə bağlı ayrıca qanun qəbul edilirsə, o zaman digər kateqoriyadan olan insanlarla - həkimlərlə, müəllimlərlə əlaqədar da müstəqil etik davranış kodeksi qəbul olunmalıdır. Mən bu fikirlərlə razı ola bilmərəm. Mənim müəllimlərə, həkimlərə çox böyük hörmətim var. Amma onlar heç də bələdiyyələr və bələdiyyə qulluqçuları kimi bütün ölkəni, vətəndaşları əhatə etmirlər. Bələdiyyələr az qala 100 faiz ölkəni əhatə edir. Ona görə də bələdiyyə qulluqçuları ilə bağlı ayrıca etik davranış kodeksi qəbul olunmalıdır”.
Milli Məclis (MM) Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov dünya təcrübəsinə əsaslanaraq, Azərbaycanda da bələdiyyə qulluqçuları ilə bağlı ayrıca qanunun qəbul olunmasının vacibliyini qeyd edib: “Burada həm də onu nəzərə almalıyıq ki, bələdiyyələr konstitusion statusa malikdirlər. Ona görə də bələdiyyə qulluqçularının etik davranış qaydaları ilə dövlət qulluqçularının etik davranış qaydalarını bir qanunda birləşdirmək olmaz. Bələdiyyə qulluqçuları ilə bağlı ayrıca etik davranış məcəlləsi olmalıdır”.
Deputat Fəzail İbrahimli sənədlə bağlı ciddi iradlarını səsləndirib: “Əvvəla, hesab edirəm ki, belə bir qanuna ciddi ehtiyac var. Çünki bəzi bələdiyyə sədrləri özlərini hələ də kiçik padşahlar kimi aparırlar. Bu qanun onların bu fironluğunun qarşısını alacaq. Eyni zamanda, bəzi bələdiyyələr, bələdiyyə sədrləri bələdiyyə mülkiyyətini öz şəxsi mülkiyyətləri kimi hesab edirlər. Bu sənəd onların da özbaşınalığının qarşısını alacaq. Ona görə də belə bir qanunun olması çox vacibdir. Ancaq bununla belə hesab edirəm ki, bu sənədin elmi və hüquqi baxımından ciddi təkmilləşdirilməsinə ehtiyac var. Burada Azərbaycan dilinin bütün qaydalarına əməl olunmalıdır. Burada məsələn, qeyd olunur ki, qanunun məqsədləri... Bu, nə deməkdir? Qanunun məqsədləri ola bilməz, qanunun bir məqsədi ola bilər və var. Həmçinin, burada şəffaflığın və səmərəliliyin artırılması, maraqların toqquşması, vicdanlılıq kimi sözlərə, anlayışlara ehtiyac yoxdur. Bunlar indiyə kimi bu yöndə bütün qanunlarda var, indi təzədən bunlara nə ehtiyac var?!
Bu baxımdan, istəyirsiniz bu sənədi ciddi redaktə edim verim sizə, sonra onu ikinci oxunuşa çıxaraq”.
Sözügedən komitənin sədr müavini Fəttah Heydərov bələdiyyə qulluqçuları ilə dövlət qulluqçularının eyniləşdirməyin düzgün olmadığını və bu səbəbdən də bələdiyyə qulluqçuları ilə bağlı ayrıca qanun qəbulunun vacibliyini vurğulayıb: “Bələdiyyə idarəetməsi, bələdiyyə qulluğu, bələdiyyə qulluqçuları ayrı məsələdir, dövlət idarəetməsi, dövlət qulluğu, dövlət qulluqçuları ayrı məsələdir. Bunlar arasında hansısa müəyyən eyniliklər ola bilər, ancaq bunları bütövlükdə heç cür eyniləşdirmək olmaz. Bu baxımdan, mən də bu yöndə ayrıca qanunun qəbuluna ciddi ehtiyac görürəm”.
Deputat Tahir Rzayev bildirib ki, belə bir sənədin müzakirəyə çıxarılması cəmiyyətdə bələdiyyələrə hörmətin, həmçinin onlara diqqət və qayğının artmasının göstəricisidir.
Komitə üzvü Hacı Qalib Salahzadə deputat həmkarı F.İbrahimlinin çıxışından daha çox razı qaldığını bildirib və sonra “niyə indiyə kimi belə çıxış etmirdin, mənim ürəyimdəkilərin hamısını sən dedin”, - deyə həmkarına iradını da çatdırıb: “Mən indiyə kimi sənin belə çıxışına rast gəlməmişdim. Dediklərinin hamısı ilə razıyam, ürəyimdən xəbər verdin”.
Sonra L.Hüseynov F.İbrahimlinin qaldırdığı məsələlərə toxunaraq, onların böyük əksəriyyətini təkzib edib. Bildirib ki, qanunda elə məhz “məqsədləri” sözü yazılmalıdır.
Bu isə F.İbrahimli ilə L.Hüseynov arasında gərgin anların yaşanmasına səbəb olub.
F.İbrahimli bir daha bildirib ki, qanunun hüquqi və elmi cəhətdən ciddi təkmilləşdirilməsinə ehtiyac var, həmçinin dilin qaydalarına əməl olunmasına çalışmaq lazımdır: “Elə məsələlər var ki, onlar nə Lətif Hüseynovun, nə Fəzail İbrahimlinin imkanı daxilindədir. Amma sizin çıxışınızdan belə başa düşdüm ki, “bu sənəd mənimdir və mən necə istəyirəmsə, elə də olmalıdır”. Nə deyirəm, şükür məsləhətinizə...”
Komitə sədri A.Rəhimzadə F.İbrahimlinin mövqeyini dəstəkləyərək, qanun layihəsində ciddi redaktələrə ehtiyac olduğunu söyləyib: “Lətif müəllim, deyəsən, qanunu tam oxumamısınız. Tam oxusaydınız, özünüzdə burada hansı çatışmazlıqların olduğunu göstərərdiniz. Mən özüm elə ən azı 5 dənə ciddi redaktə olunmalı məsələ tapmışam. Ona görə Fəzail müəllimin fikirlərini qəribçiliyə salmaq olmaq. O, Azərbaycan dilinin gözəl bilicisidir. Mütləq onunla bir yerdə bu sənədi təkrar gözdən keçirin və sonra mənə məruzə edin. Həmçinin, onu Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyevlə razılaşdırın və razılaşdırdıqdan sonra onu təkmil şəkildə plenar iclasın ikinci oxunuşunun müzakirələrinə çıxaraq”.
Geniş müzakirələrdən sonra qanun layihəsinin bir daha təkmilləşdirilməklə, plenar iclasın ikinci oxunuşunun müzakirələrinə çıxarılması qərara alınıb.
Nemət