Mübariz Qurbanlı: “Namizədlərin irəli sürülməsi prosesi rəhbərlik tərəfindən müəyyənləşdiriləcək”
“Yeni Azərbaycan Partiyası istənilən vaxt seçkilərə hazır olan partiyadır. Bunu deməyə əsasımız var. Çünki partiyanın həm üzvlərinin sayı, həm keyfiyyəti, həm də bölgələr üzrə təşkilatanması yüksək səviyyədədir. Eyni zamanda, YAP-ın rəhbərliyi, şəxsən sədrimiz cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, YAP ideoloji, təşkilati, beynəlxalq əlaqələr və s. istiqamətlərdə geniş miqyaslı tədbirlər həyata keçirir.
Onun sözlərinə görə, burada tam təşkilatlanmış, güclü mexanizm var:
“Partiyanın bütün strukturları saat mexanizmi kimi çalışmaqdadır. Belə olan şəraitdə partiyanın seçkilərə getməsi və qələbə qazanması aksiomadır. YAP-ın hər seçkini udmasının başlıca səbəbi partiyanın ulu öndər Heydər Əliyevin ideyalarına söykənməsidir və sədrimiz, Prezident İlham Əliyevin siyasətinin xalq tərəfindən birmənalı olaraq müdafiə olunmasıdır. Bu gün Prezidentimizin siyasəti nəticəsində xalqla hakimiyyət arasında vəhdət mövcuddur. Ona görə də, YAP-ın seçkilərə qatılması o qədər çətin deyil. YAP təşviqat zamanı deməyə sözü olan partiyadır. Parlament seçkiləri ilə əlaqədar hazırlıq işləri də davam etməkdədir. Biz rayon və şəhər təşkilatları sədrlərinin toplantısını keçirmişik. Digər cari işlər də görülməkdədir. Hesab edirəm ki, namizədlərimiz seçkilərdə ciddi uğurlar əldə edəcəklər. Namizədlərin irəli sürülməsi prosesi rəhbərlik tərəfindən müəyyənləşdiriləcək və zamanında ictimaiyyətə məlumat veriləcək”.
Səxavət