“Əgər yalnız hər gün üzünü gördüyün adamlar sənin ətrafına yığışacaqsa, mitinqlərə sənin partiyanın üzvü olmayan insanlar gəlməyəcəksə, bu o deməkdir ki, baxışlarınızla, müraciətlərinizlə cəmiyyətə təsir edə bilmirsiniz və cəmiyyət də ya sizə inanmır, ya da sizi qəbul etmir”.
Bu barədə Trend-ə politoloq Qabil Hüseynli Milli Şuranın aprelin 5-nə planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib.
Q.Hüseynli hesab edir ki, mitinq vaxtı ötmüş və bu gün üçün yararlı olmayan bir taktikadır: “Mitinq taktikası neçə illərdir ki, davam edir. Vaxt var idi ki, mitinqlər kifayət qədər adam toplaya bilirdi. Sonradan yavaş-yavaş bu hərəkat sönməyə başladı. Bunların hamısının səbəbi müxalifətin öz daxilində olan çəkişmələr, liderlər arasında intiriqalar, yersiz ambisiyalardır”.
Politoloqun sözlərinə görə, eyni zamanda, müxalifət liderləri ortaya ciddi bir ideoloji platforma hazırlayıb qoya bilmirlər ki, insanlara öz hədəflərini, istiqamətlərini göstərsinlər: “Onlar öz mübarizələrini ideya və baxışların mübarizəsi şəklində meydana qoya bilmirlər. Yaxşı olardı ki, müxalifət mübarizəsini küçə mübarizələri səviyyəsində deyil, ideyaların və baxışların mübarizəsi şəklində meydana qoysun. Qoy xalq özü hansı ideyanın, baxışın düzgün olduğunu müəyyənləşdirsin. Ona görə də mitinq taktikası vaxtı ötmüş və bu gün üçün yararlı olmayan bir taktikadır”.