AXCP funksioneri Fuad Qəhrəmanlı dindarları Milli Şuranın mitinqinə çağırıb
Əli Kərimlinin göstərişi ilə Qurani-Kərimin ayələrini siyasi məqsədləri üçün istifadə edən bu şəxs ölkədə siyasi sabitliyi pozmaq, dindarların inancından istifadə edərək xaos yaratmaq fikrinə düşüb.
Halbuki, dinin siyasətə alət olunduğu Yaxın Şərqdəki qarşıdurmalar fonunda Azərbaycandakı İslam modeli digər müsəlman ölkələri üçün də örnək göstərilir.
Belə olduğu halda, Əli Kərimlinin dindarları mitinqə səsləməsi nəyə xidmət edir?
"Belə müqəddəsliklər hakimiyyət uğrunda mübarizənin aləti olmamalıdır"
Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc deyib ki, din, Allah adından siyasi mübarizədə bəhrələnmək yolverilməzdir. Onun fikrincə, Yaxın Şərqin timsalında bu kimi halların hansı nəticələr doğurduğuna şahid olmuşuq: "Dini müstəvidə qərarlaşan təşkilatların hamısı müsəlman ölkələrində ya fundamentalizmə yol açıb, ya terrora yuvarlanıb, ya da ekstremist təmayüldə ixtisaslaşıblar. Bunları dinc siyasi mübarizəyə gətirmək çox çətin olub. Ən son nümunə Misirdir. "Müsəlman qardaşları" Məhəmməd Mursinin timsalında hakimiyyətə gəldilər və sonradan Sisi onları devirdi və bu gün həmin şəxs həbsdədir. Dindar kəsimi öz təriqətindən, inancından, etiqadından kənarlaşdırıb müxtəlif mübarizələrə yem eləmək, Allahın adından, dindən, Qurani-Kərimdən öz mənafeləri naminə bəhrələnmək deməkdir. Belə müqəddəsliklər hakimiyyət uğrunda mübarizənin aləti olmamalıdır. Keçmişdə Nardaran əhlini inqilab ocağı kimi istifadə eləmək yönündə cəhdlər var idi".
Z.Oruc deyib ki, indi də ayrı-ayrı şəxsləri tribunaya qaldırmaqla, "sağçı" müxalifət az qala klerikal ölkələrdəki modellə hərəkət edirlər: "Ona görə də, əminəm ki, gerçək əməlisalehliyə dayanan, həqiqətən, Qurani-Kərimə inanan, peyğəmbərini tanıyan və Allahı başı üzərində görən qüvvələr heç bir halda bu müxalifətin mübarizəsinin fəlsəfəsini bölüşməz və onların yanında olmaz".
"Onlar bu haqqı çoxdan itiriblər"
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, son 20 ildə Azərbaycanın dini mühitinə təsir etmək istəyən beynəlxalq güc mərkəzləri və onların ölkəmizdə qrant layihələrini həyata keçirənlər milli mənafeyimizə zidd hərəkətlər edirlər. Onun fikrincə, Azərbaycan dövlətini, xalqını düşünən fikir adamları bu məsələdə həssaslığı əldən verməməlidir: "Siyasi kimliyindən asılı olmayaraq, dini düşüncəli insanlara çağırış etmək üçün gərək dini prinsiplərin həyata keçirilməsində və onun qorunmasında həmin şəxslərin müstəsna xidmətləri olsun. Halbuki, o çağırışı edən adamların xəbər saytlarında, sosial şəbəkədəki profillərində Azərbaycanda milli şüura, məfkurəyə, dövlət-din münasibətlərində körpü rolunu oynayan insanlara qarşı dəfələrlə həqarətə rast gəlmişik. Hətta gerçək mənəviyyat adamlarına olmazın təhqirlərə rast gəlmişik. Ona görə də düşünürəm ki, belə çağırışların heç bir halda nəticəsi yoxdur. İnsan hakimiyyətdən narazı qala bilər və bunu sivil şəkildə bildirə bilər. Amma insanların dini duyğularını istismar etmək siyasətlə məşğul olan şəxsə yaraşan əməl deyil.
Ola bilsin, mitinqlərə çağırış edənlərə təkfirçi qüvvələr dəstək versinlər. Belə qüvvələr "İŞİD"-in Azərbaycanda ayaq açmasını istəyənlərdir. Belə radikal təkfirçi qüvvələrin zərərsizləşdirilməsi üçün də Azərbaycanın güc strukturları kifayət qədər peşəkardır".
C.Əzimbəyli sual edib ki, onlar milli məfkurəyə malikdirlərsə, niyə bir dəfə Qarabağla bağlı çağırış etmirlər: "Niyə yazılarında daha çox Qarabağ məsələsini gündəmə gətirmirlər? Nə üçün Qarabağla bağlı mitinq keçirmirlər? Niyə Qarabağ probleminin həll olunmasını ləngidən ölkələrin Azərbaycandakı səfirlikləri qarşısında aksiyalar keçirmirlər, niyə o çağırışları etmirlər? Bu adamlara belə çağırış etməyə heç bir haqq verilməyib. Təkcə son bir ildə bu adamların sosial şəbəkələrdəki paylaşdıqları yazılara baxsaq, görərik ki, Azərbaycanda milli və dini kimliyi bəlli olan mənəviyyat adamlarını təhqir ediblər. Buna görə də onlar bu haqqı çoxdan itiriblər".
BƏXTİYAR