3 Aprel 2015 11:39
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Özümü Məclis üzvü hesab etmirəm"

Müsavat Partiyası başqanlığına keçmiş namizəd, partiyadan çıxarılan Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvlərinin deputatlığa namizəd göstərilməsi Müsavatda qıcıqla qarşılanıb.

Partiya rəhbərliyində təmsil olunan şəxslər bəyan edirlər ki, Müsavatın hansısa rayon təşkilatının və qurumunun namizəd irəli sürməsi hələ həmin şəxsin seçkilərdə namizəd olacağı anlamına gəlmir. Onların fikrincə, partiya Nizamnaməsinə görə, verilən siyahı sonda Məclisdə təsdiq olunmalıdır.

Müsavat Partiyası üzvlərindən kimlərin deputatlıq arzusunda olduğu və ya adının ilkin siyahıda yer aldığı bilinmir. Çünki Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qeyd edib ki, dəqiqləşmə aparılmadığından siyahı açıqlanmır.

Lakin həm Müsavat üzvü olan, həm də ADR Hərəkatında təmsil olunan iki şəxs barəsində artıq Müsavat Partiyasına sənəd təqdim olunub. Bu haqda onların özləri mediaya məlumat veriblər.

Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli həmin birlik tərəfindən, Vurğun Əyyub isə Müsavatın Suraxanı rayon təşkilatı tərəfindən deputatlığa namizəddir.

Müsavat rəhbərliyini qıcıqlandıran isə bu iki şəxsin ADR Hərəkatında təmsilçiliyi, ən önəmlisi isə hər ikisinin rəhbərlikdə təmsil olunması və Müsavat rəhbərliyinin idarəçiliyi haqda tənqidi fikir səsləndirmələridir. Vurğun Əyyub özü Q.İbadoğlunun I müavinidir və açıqlamaları hər zaman Müsavat rəhbərliyində etirazla qarşılanıb. V.Əyyub başqan Arif Hacılının rəhbərliyini qəbul etmədiyini və Müsavatın strukturlarını legitim saymadığını dəfələrlə söyləyib.

Müsavatda hesab edirlər ki, partiya strukturlarını legitim hesab etməyən şəxs Müsavatın deputatlığa namizədi ola bilməz.

Partiyanın Divan üzvü Razim Əmiraslanlı isə deyib ki, Qadınlar Birliyinin deputatlığa namizəd vermək səlahiyyəti yoxdur. Beləliklə, E.Məmmədlinin də namizədliyi şübhə altına alınır.

Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı isə deyib ki, hələ V.Əyyubun namizədliyinin Məclisdə təsdiqlənməsi bir kənara qalsın, onun özünün Məclis üzvlüyündən çıxarılması gündəmdədir: "Nizamnamə bütün partiya üzvlərinə, o cümlədən Vurğun Əyyuba şamil olunur. Məclisin legitimliyini tanımayan bir şəxsin onun üzvü olması məntiqsizdir".

Onun sözlərinə görə, aprelin 4-də keçiriləcək Məclisin toplantısında Vurğun Əyyubun çıxarılması gündəmə gələcək: "Vurğun Əyyub Müsavat Məclisinin üzvü olmadığını bəyan edir, həmçinin, iclaslarda iştirak etmir. Onun yerinə hansısa digər partiya üzvü burada təmsil oluna və partiyanın işinə yaxından töhfə verə bilər. Nəyə görə bu şəxs legitimliyini tanımadığı Məclisdə saxlanılmalıdır?"

N.Sadıqlı Məclisin toplantısında deputatlığa namizədlərlə bağlı siyahının müzakirə edilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, seçkilərə çox qalıb və bu məsələnin gündəmə gətirilməsinə hələ vaxt var.

V.Əyyub isə onun Məclis üzvlüyündən çıxarılmasına belə reaksiya verib: "Mənim Müsavat Partiyası Məclisinin üzvlüyündən çıxarılmağımı müzakirə etmək, sadəcə, məntiqsizlikdir. Qurultaydan keçən müddət ərzində deyirəm ki, mən özümü Məclis üzvü hesab etmirəm. Mən deyirəm ki, özümü Məclis üzvü hesab etmirəm, bunlar deyir ki, yox, onun məsələsinə baxacağıq. Nəyinə baxacaqlar? Bu, sadəcə olaraq, məntiqsizlikdir. Mən Müsavat Partiyasının rəhbərliyini legitim hesab etmirəm, ümumi Müsavat Partiyasını deyil".

NƏRGİZ


Müəllif: