4 Aprel 2015 15:49
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib”

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov Milli Məclisdə hesabat verib.

V.Eyvazov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının dünyada insan alverinin vəziyyətinə dair 2014-cü ilin noyabr ayına olan hesabatına görə, transmilli mütəşəkkil cinayətkarlığın bu təhlükəli növünə demək olar ki, bütün dövlətlərdə və regionlarda rast gəlinir: “Son 5 ildə 152 ölkədən olan qurbanlar istismar məqsədilə 500-dən çox daimi marşrut üzərindən 124 ölkəyə daşınıb. Hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, onların da arasında məcburi əməyə cəlb olunanların sayı stabil templə artaraq 40 faizə yüksəlib. Qurbanların 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır”.

V.Eyvazov əlavə edib ki, ölkəmizin insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlı mövqeyinin, bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalmasının əyani təsdiqi olaraq Prezidentin 2014-cü il 24 iyul tarixli sərəncamı ilə sayca üçüncü Milli Fəaliyyət Planı qəbul edilib.

İnsan alveri üzrə 54 qurban müəyyən edilib

Nazir müavini qeyd edib ki, insan alveri üzrə müəyyən olunmuş 54 qurbandan (51 qadın, 3 kişi) 37-si Türkiyə, 8-i Rusiya, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 3 əcnəbi ölkə daxilində istismara məruz qalıb. Müvafiq cinayətlərdə təqsirləndirilərək haqqında axtarış elan olunmuş 25 şəxsdən 12-si tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Hesabat ilində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2013-cü illə müqayisədə 21 faiz çox və ya 97 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanıb. Bu əməllərə görə 26 nəfər (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib, insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib".

Deputatla vitse-spiker arasında gərginlik yaranıb

Millət vəkilləri İnsan Alveri üzrə Milli Koordinatorun fəaliyyətini yüksək qiymətləndiriblər. Hesabat qəbul olunduqdan sonra isə birinci vitse-spiker Ziyafət Əsgərovla deputat Fazil Mustafa arasında söz savaşı yaşanıb. F.Mustafa çıxışlarda reqlamentdə müəyyən dəyişikliklər aparılmasını təklif edib: “Adımız çıxışa yazıla-yazıla təkid edirik ki, söz deyək, amma söz verilmir”.

Z.Əsgərov isə deputata sərt cavab verib, onu fürsətcil olmaqda tənqid edib: “Müraciət olundu ki, çıxış etmək istəyən varmı? Niyə çıxış eləmədiniz? Mən sizin əlinizi görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, amma bu məsələlərdə təkid etmirsiniz?”

Bundan sonra çıxış edən F.Mustafa da vitse-spikerə eyni tonda cavab verib. “Xahiş edirəm, sözümüzü kəsməyin. Biz ora yazılmışıq. Dediniz ki, reqlamenti beş dəqiqə elan edirsiniz. Biz də razılaşdıq. Beş dəqiqədən sonra bir millət vəkili çıxış etdi ki, müzakirələri dayandıraq. Başa düşürəm, onun da hüququdur bu. Əgər istəyiriksə ki, burada bir neçə təkliflər səslənsin, o zaman belə etməyək. Məsələn, İnsan Alveri ilə bağlı mənim çox ciddi təkliflərim var idi. Kimin sözü varsa, imkan yaradın ki, danışsın”.

F.Mustafanın Z.Əsəgrova cavabı deputatla birinci vitse-spiker arasında gərginliyi daha da artırıb. Son olaraq çıxış edən Z.Əsgərov bildirib ki, irad bildirmək sizin hüququnuzdur, amma çıxışınızda məntiq yoxdur: “Hörmətli deputatlar əvvəl dedilər ki, reqlament beş dəqiqə olsun. Deputatların ümumi fikri belə idi və biz onu qəbul etməli idik. Sonra dedilər ki, Milli Koordinator ətraflı məlumat verdi. Və onun məlumatı deputatlara paylanıb. Mən də müraciət etdim ki, kim çıxış etmək istəyir? Hamısı dedilər ki, istəmirik. Elmira xanım söz istədi, verdik. Mən sonra yenə müraciət etdim. Heç kim istəmədi. Bu, nə deməkdir? İndi mətbuat buradadır deyə, siz populist çıxış etməlisiniz? Dəfələrlə müraciət etdim, Fazil bəy, çıxış edərdiniz. Məsələ müzakirə edilib səsə qoyulub, bundan sonra siz mətbuat üçün əlavə materiallar verirsiz. Sizin çıxışınız yerində deyil”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər