Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin təşəbbüsü ilə yaradılan və onun sədri olduğu Milli Strateji Düşüncə Mərkəzindən istefa verib.
Teleqraf.com-un məlumatına görə, hazırda ABŞ-da olan Q.İbadoğlu bu barədə qərarını özünü Facebook səhifəsində bəyan edib: “2014-cü ilin sentyabr ayından indiyə qədər Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) məşvərət heyətinin toplantılarında iştirak etmirəm. MSDM-nin bundan sonrakı iclaslarına da qatılmaq fikrində deyiləm. Odur ki, bu təşkilatdan və onun məşvərət heyətindən çıxdığımı bildirirəm”.
Qeyd edək ki, AXCP və Müsavat Partiyasının aktiv olduğu İctimai Palatanın fəaliyyətinə xitam veriləndən sonra İsa Qəmbər Düşüncə Mərkəzini təsis etmişdi. Bu qurumun toplantılarına müsavatçılarla yanaşı İ.Qəmbərə yaxın olan siyasətçilər də qatılırdı. Lakin Milli Şura və AXCP rəhbərliyi 1 ilə yaxındır fəaliyyət göstərən Düşüncə Mərkəzinin iclaslarında bir dəfə olsun iştirak etməyib.
Müsavat başqanlığına keçmiş namizəd, partiya sıralarından çıxarılan Q.İbadoğlu da ötən ilin sentyabrında Müsavatın qurultayından sonra qurumla əlaqələrini kəsmişdi. Məhz yaxın tərəfdarı Vurğun Əyyubun Müsavat Məclisindən çıxarıldığı gün özü Düşüncə Mərkəzindən çıxdığını bəyan etdi.
Nərgiz