Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə aprelin 8-dən slovakiyalı deputatların Azərbaycana səfəri başlayıb.
Teleqraf.com-un məlumatına görə, Slovakiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, konstitusional və hüquqi məsələlər üzrə komitənin sədri Robert Madejinin (SMER-SD Partiyası) rəhbərlik etdiyi nümayəndə heyətinə Slovakiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Avropa məsələləri üzrə komitənin üzvü Olqa Naxtmannova (SMER-SD Partiyası), sosial məsələlər üzrə komitənin üzvü Uiliam Jasan (SMER-SD Partiyası), xarici əlaqələr komitəsinin üzvü Marian Keri (SMER-SD Partiyası), konstitusional və hüquqi məsələlər üzrə komitənin üzvü Edita Pfundtner (müstəqil), mandat və toxunulmazlıq komitəsinin üzvü Miroslav Kaduc (OĽaNO Partiyası) daxildir.
Nümayəndə heyətinin Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində görüşləri nəzərdə tutulub.
Qonaqlar səfər çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, məcburi köçkün düşərgəsinə baş çəkəcəklər. Səfər aprelin 11-də başa çatacaq.
Səxavət