9 Aprel 2015 13:39
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda yeni təşkilatımı yaradıram. Başım təşkilati məsələlərə qarışıb. Ona görə də, daha AXCP və onun avtoritar rəhbərliyi barədə danışmıram. Bununla bağlı bütün bildiklərimi, narazılığımı ictimaiyyətə çatdırmışam".

Bunu Teleqraf.com-a açıqlamasında AXCP sədrinin keçmiş müavini Razi Nurullayev bildirib. Onun sözlərinə görə, artıq ictimaiiyət AXCP haqqında ətraflı təsəvvürə malikdir: "Əvvəl-axır partiya daxilindəki problemləri kimsə dilə gətirməli idi. Bu məsuliyyəti mən üzərimə götürdüm. AXCP-də fərqli fikirə, tənqidi sözə yer olmadığını qeyd etdim və bunu konkret faktlarla göstərdim. Bu günün özündə də AXCP-də avtoritarizm hökm sürür. Yüzlərlə insan var ki, bu gün partiya sıralarını tərk etmk istəyir, amma müəyyən məsələlərə görə çəkinirlər".

R.Nurullayev bildirdi ki, Milli Şuranın mitinqlərinin zəif olmasının bir səbəbi də insanların AXCP-yə olan inamının azalmasıdır: "Artıq insanlar maarifləniblər. Başa düşürlər ki, reallıq nədən ibarətdir".

Keçmiş müavin onu da bildirdi ki, hazırda ölkədə daxili siyasi proseslər ləng getdiyi üçün müxalifət partiyalarının fəaliyyətində aktivlik müşahidə olunmur: "Siyasi partiyalar mitinq keçirməklə aktivliyə nail olmaq istəyirlər. Amma görürsünüz ki, ölkədə siyasi aktivlik lazmımi səviyyədə deyil. Bunun bir səbəbi də müxalifətin xalqdan ayrı düşməsidir. Gərək, liderlər kabinetinə qapanıb qalmasın. Rayonlara gedib insanlarla görüşmək lazımdır. Mən yeni yaradacağım siyasi təşkilatda məhz sıravi insanlarla görüşə üstünlük verəcəm".

Ayxan


Müəllif: