Natiq Miri: “Ermənistan dövləti həmişə terrorla iç-içə olub”
ASALA erməni terror təşkilatı Çanaqqala zəfərində iştirak etmək üçün dəvət alan ölkələri təhdid edir.
Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin yüz illiyini şərh edərkən bildirib. Ərdoğanın sözlərinə görə, ASALA terror təşkilatının arxasında kimlərin dayandığı gec-tez ortaya çıxacaq.
Türkiyə prezidenti onu da qeyd edib ki, aprelin 23-də Ankara dünyaya bir daha sülh mesajı verəcək. Aprelin 24-də isə Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd ediləcək və böyük bir yürüş təşkil ediləcək.
Xatırladaq ki, aprelin 24-də Türkiyədə keçiriləcək Çanaqqala zəfərinin 100-cü ildönümünə 50-dən çox dövlət rəsmisi dəvət alıb.
Məsələyə münasibət bildirən politoloq Natiq Miri bildirib ki, Türkiyənin təzyiqləri və apardığı aktiv siyasət nəticəsində Ermənsitanda qondarma “soyqırımı”nın yüz illiyi ilə bağlı tədbir demək olar ki, boykot olunur və bu tədbirin qlobal səviyyədə effekti olmayacaq: “Bununla bağlı Türkiyəyə çox ciddi təzyiqlərin olacağı ehtimalı da artıq sıfıra endirilir. Təbii ki, bunun qarşılığı olmalıydı və bunu Ermənistan dövlət səviyyəsində edə bilmir. Eyni zamanda Ermənistan dövləti həmişə terrorla iç-içə olub və ASALA da erməni dövlətinin terror nöqteyi-nəzərindən “vuran” əli olub. Buna görə də ən azından Ermənistandakı gedə biləcək proseslərin əvəzini, qisasını almaq üçün ASALA bu yöndə konkret işlər görür və müəyyən dezinformasiyalar yaymaqla Türkiyədə Çanaqqalanın yüz illiyi ilə bağlı tədbirlərə qoşulacaq ölkələrin sayını minimuma endirmək istəyir. Bu haqda konkret olaraq, Türkiyə xüsusi xidmət orqanlarında informasiya var və Ərdoğan da bunu dilə gətirib. Eyni zamanda bununla həm də digər dövlətlərə mesaj verib ki, Türkiyə bütün təhlükəsizlikləri təmin edəcək. Yəni, bu ölkələrin Ermənistan kimi kiçik bir ölkədən qorxmamalarını təmin etmək üçün verilmiş bir açıqlamadır. O cümlədən Ermənistanın terrorçu bir dövlət olduğunu dünyaya nümayiş etdirməkdir”.
N.Miri qeyd edib ki, terror təşkilatları hər zaman maliyyə güclərinin əlində alət olub: “Bu gün tanıdığımız ASALA, PKK, İŞİD kimi terror qruplaşmaları da yenə də müəyyən maliyyə güclərinin əlində bütün səviyyələrdə alət olaraq istifadə üçün yararlıdır. Ona görə də hətta bu terror təşkilatlarının müvəqqəti də olsa, ortaq maraqlar kontekstində birgə fəaliyyəti mümkündür. Türkiyədə və başqa ölkələrdə terror aksiyalarının keçirilməsi ehtimalı da yüksəkdir. Bunları qətiyyən istisna etmirəm. Onu da nəzərə almaq lazımdır ki, bu gün Türkiyənin daxilində kürd probleminin çözülməsi yönündə konkret addımlar atılır və bu problemin aradan qaldırılmasını istəməyən başqa qlobal güclər var. Ona görə də bu cür təhdidlərin, hətta terror hadisələrinin ola biləcəyini istisna olunmur”.
BƏXTİYAR