"Azərbaycanda Dağlıq Qarabağ, Moldovada Dnestryanı, eləcə də Ukraynadakı münaqişə Rusiya-Qərb münasibətlərinin nəticəsi deyil. Bu məsələlər Rusiya ilə düşmənçilik yolu ilə həll olunmayacaq".
Trend xəbər verir ki, bunu Çexiyanın sabiq Prezidenti Vatslav Klaus bu gün Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunda "Rusiya-Qərb münasibətlərinin perspektivləri" mövzusundakı paneldə bildirib.
Onun fikrincə, hazırda Rusiya-Qərb münasibətlərindəki gərginlik, münaqişə iki fərqli sosial-iqtisadi sistemin toqquşmasının nəticəsi deyil: "İndi belə bir ciddi fərq yoxdur. Rusiya Qərbin bir hissəsidir. Rusiyadakı sistem heç də kitablarda göstərilən kimi deyil, amma Avropanın özü də belə bir modeldən uzaqdır. Rusiya tarixən Avropanın bir hissəsi olub. Biz sevinməliyik ki, bu ölkədə kommunist faciəsi bitib. İndi Rusiyaya şans verilməlidir ki, o, yeni yolunu tapsın, beynəlxalq aləm isə aktiv rol oynaya bilsin".
Keçmiş prezidentin sözlərinə görə, Ukraynadakı indiki vəziyyət Şərqi Avropa ölkələrindən fərqli olaraq kommunizmdən azadlığa, demokratiyaya, azad bazara keçiddə uğursuzluğa düçar olmanın nəticəsidir: "Çünki orada demokratiya süni şəkildə yaradılmışdı. Hərc-mərclik vardı. Əslində buna xarici qüvvələrin də təsiri vardı.
Ukraynanın Qərbə, yoxsa Şərqə aid olmasına dair qərar qəbul etməsi onun gələcəyinə mütləq təsir edəcək. Belə bir seçim etmək onu dağıtmaq deməkdir. Bu, münaqişə və faciələrə gətirib çıxaracaq. Hazırda bunun şahidi oluruq. Ukrayna kənar müdaxilələrdən uzaq olmalıdır. Məsələdə siyasi kompromis həll yolu tapılmalıdır. Repressiya, hərbi proseslərdən uzaq olmaq lazımdır".