1 May 2015 17:01
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov Fransa prezidentinin diplomatik müşaviri ilə görüşüb

Fransaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Yelisey Sarayında Fransa prezidentinin diplomatik müşaviri Jak Odiberlə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Fransa prezidenti Fransua Olandın Azərbaycana səfərindən bir neçə gün sonra baş tutmuş bu görüş zamanı həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin həlli və Fransanın bu kontekstdə son təşəbbüsü, həmçinin Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin indiki durumu və gələcək perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar.

Fransa tərəfi bir daha Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirərək, ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilən danışıqlar prosesinə və özünün vasitəçilik roluna sadiq qaldığını, prezident Fransua Olland tərəfindən bu məsələyə bundan sonra da mühüm əhəmiyyət veriləcəyini təsdiqləyib.

E.Məmmədyarov Fransa rəhbərliyinin bu kontekstdə fəallığını yüksək qiymətləndirərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu sülh prosesini əngəlləyən əsas problem olduğunu və ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həllinin dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması prinsipləri əsasında mümkün olduğunu bir daha vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər