16 May 2015 13:33
601

Azərbaycan və Litva Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Litva xarici işlər nazirinin müavini Andrius Krivas arasında görüş keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı X.Xələfov Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi və siyasi məsləhətləşmələrin keçirilməsinin ikitərəfli siyasi dialoqun güclənməsinə təkan verdiyini qeyd etdi. X.Xələfov əlaqələrin daha da dərinləşməsi və yeni əməkdaslıq imkanlarından istifadə olunması baxımından qarşılıqlı yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurguladı.

Regionda sülh və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkisafina başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinə toxunan X.Xələfov Litvanın bu məsələdə Azərbaycanın ədalətli mövqeyinə münasibətdə həssaslığının yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. O, münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə mümkün olduğunun labüdlüyünü bildirdi. Münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsinə dair Avropa İttifaqının qəti mövqe ortaya qoymasının zəruriliyini vurğuladı.

X.Xələfov iki ölkə arasinda Hökumətlərarası İqtisadi Komissiyanın mütəmadi əsasda iclaslarının keçirilməsinin mövcud ticarət dövriyyəsinin artması və yeni iqtisadi layihə və təşəbbüslərin, eləcə də əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından önəmli platforma oldugunu qeyd etdi.

İkitərəfli münasibətlərin ruhuna uygun olaraq çoxtərəfli formatda da iki ölkə arasında qarşılıqlı anlaşma və dialoqun yüksək səviyyədə olduğunu bildirən X.Xələfov Azərbaycan və Litvanın mövqelərinin yaxın və bir çox hallarda üst-üstə düşdüyünü bildirdi.

A.Krivas Litvanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini, xüsusilə diplomatik münasibətlərin bərpasından keçən 20 il ərzində ugurlu əməkdaşlıq münasibətləri qurulduğunu və əlaqələrin daha da dərinləşdiyini qeyd etdi. Hökumətlərarası İqtisadi Komissiyanın iclasları zamanı artıq razılasdırılmış layihələrin icrasına başlanmasının ikitərəfli əlaqələrə daha da təkan verəcəyini əlavə etdi.

Litvanın Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, işğal altındakı ərazilərdə ticarət-iqtisadi fəaliyyətin Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalı olduğunu qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi.


Müəllif: