21 May 2015 20:44
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının Riqada keçirilən sammitində iştirakdan imtina etdi.

Rəsmi məlumatda buna səbəb kimi dövlət başçısının iş qrafikinin sıx olması göstərilir.

Lakin diplomatik mənbələrdən mediaya sızan xəbərlərdə baş mətləblər çıxdı.

“Prezidentin Riqa sammitində iştirak etməməsi “son zamanlar Qərbdə Azərbaycana qarşı aparılan qərəzli kampaniyaya, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin geniş anti-Azərbaycan fəaliyyətinə reaksiyadır. Məlumata əsasən, Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını iddia edən Qərb dairələrinin yaxından iştirakı ilə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı “qara piar” kampaniyasının genişləndirilməsi haqlı hiddət doğurur. Bir müddət əvvəl Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Avropa Birliyinin ölkəmizdəki ofisinin rəhbəri Malena Mardı dəvət edərək, Avropa Parlamentinin (Avropa Birliyinin əsas qurumu - red.) Azərbaycana qarşı fəaliyyətini genişləndirməsinə öz etirazını çatdırıb və mayın 12-də Avroparlamentdə Azərbaycana dair keçirilməsi planlaşdırılan dinləmələrin dayandırılmasını ondan tələb edib. Qurumun nümayəndəsinə bildirilib ki, tədbir dayandırılmayacağı təqdirdə Azərbaycan prezidentinin Riqa sammitində iştirakı sual altına düşəcək.

Anti-Azərbaycan ovqatının genişləndiyi Qərblə Bakının strateji tərəfdaşlığı artıq mümkünsüz hala gəlir. Azərbaycan hakimiyyəti 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, l Avropa Oyunlarına bir neçə gün qalmış da Avropa Parlamentinin Azərbaycana qarşı yeni qətnamə qəbul edəcəyi barədə məlumat alıb. Prezident İlham Əliyev də məhz bu amilləri nəzərə alaraq Riqa sammitində iştirakdan imtina edib”, – deyə APA-ya danışan diplomatik mənbə vurğulayıb.

Göründüyü kimi, Azərbaycana qarşı ədalətsiz yanaşma davam edir və belə bir məqamda dövlət başçısının Riqaya getməsi bütün bu ittihamlar qarşısında susması demək olardı. Azərbaycan liderinin prinsipial mövqeyi buna imkan vermir.

Digər tərəfdən, Azərbaycan liderinin Riqa sammitində iştirak edəcəyi təqdirdə, proqram 6 ölkəni nəzərdə tutsa da, daha çox Azərbaycana qarşı ittihamlar olacağını əminliklə deyə bilərik. İndiyə qədərki təcrübə bunu deməyə əsas verir.

Sammitdən bir gün öncə Riqada işə başlayan Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrin Media Konfransında müzakirə mövzusu Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada medianın durumu olsa da, hədəf kimi rəsmi Bakı seçilib və ən çox ittiham Azərbaycana qarşı səsləndirilib. Bunun özü mənzərəni daha açıq şəkildə göstərir.

Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycana qarşı qərəzli mövqe tutan Avropa Birliyi indiyə qədər Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə qəbul etməyib: “Halbuki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ortadadır. Amma Avropa Birliyi Azərbaycanla birgə “Şərq tərəfdaşlığı” proqramında yer alan Ermənistana hələ də dəstək verir. İrəvan Brüsseli yarı yolda qoyaraq, Moskvaya sığınmasına rəğmən, bu dəstək hələ də davam edir. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır, demokratik dəyərlərin qorunması üçün əlindən gələni edir. Əvəzində yeganə istəyi ədalətdir. Necə olur ki, Krımın zəbt edilməsi və Donetskdəki hadisələrə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq olunur, lakin 20 ildən artıq bir müddətdə Azərbaycan torpaqlarını işğal edən Ermənistana hələ də dəstək verilir? Bu yanaşma klassik ədalətsizlikdir və biz buna öyrəşmişik. Azərbaycan Prezidentinin buna cavab olaraq Riqaya getməməsi ən doğru addım idi. Onsuz da, Avropanın özü Azərbaycanın ayağına gələcək”.

Bu arada bu gün Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Rəsmi məlumata görə, Donald Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib. Azərbaycan Prezidenti başsağlığına və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Möhkəm təməllər üzərində qurulmuş bu əlaqələrin hazırda siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdirilməsi məmnunluqla qeyd olunub.

İlham Əliyev və Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar. Dövlət başçısı Donald Tusku ölkəmizə rəsmi səfərə dəvət edib və dəvət məmnunluqla qəbul edilib.

Bunun özü artıq Avropanın Azərbaycanın ayağına gəldiyi deməkdir. Görünür, Azərbaycan liderinin sərt manevrləri öz bəhrəsini verir.


Müəllif:

Oxşar xəbərlər