9 İyun 2015 09:43
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eldar İbrahimov: “15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı”

“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əlirza oğlu Əliyevdir”. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 15 iyun Qurtuluş Gününün əhəmiyyətini qiymətləndirərkən bildirib. Onun sözlərinə görə, müstəqilliyinin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub:

“Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər”.

Deputat xatırladıb ki, həmin dövrdə Naxçıvan blokadada idi və məhz Ulu öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu: “Eyni zamanda, AXC-Müsavat cütlüyü hakimiyyətinin Heydər Əliyevi Naxçıvanın rəhbərliyindən qanunsuz yollarla devirmək cəhdlərinin də qarşısını sadə insanlar qətiyyətlə aldı və bu zaman hamı Ulu öndərə olan xalq sevgisinin bir daha şahidi oldu. Sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bunun üçün isə Ulu öndər Heydər Əliyevin hakmiyyətə gəlməsi zəruri idi, hakimiyyətə sivil yolla gəlməyin metodu isə siyasi partiya yaradaraq siyasi mübarizə aparmaq idi. Məhz ziyalıların müraciəti əsasında Heydər Əliyev siyasi partiya yaradıb ona rəhbərlik etməyə razılıq verdi. O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Ona görə də YAP Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranır və təşkilatlanır, Heydər Əliyev siyasətini təbliğ edirdi. Respublikada isə vəziyyət getdikcə gərginləşirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bu dönəmdə AXC-Müsavat iqtidarının fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir vəziyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və mənim üçün bundan əziz bayram yoxdur. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər