Spiker: “Macarıstan parlamentində də bu məsələyə münasibət bildirilməsini istərdik”
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Macarıstan Respublikası Milli Assambleyasının sədri Laszlo Köverlə görüşüb.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin sədri bu səfərin həm dövlətlərarası, həm də parlamentlərarası əlaqələrin inkişafına yeni təkan verəcəyini bildirib. Macarıstan parlamenti nümayəndələrinin əlamətdar bir vaxtda ölkəmizə gəldiklərini vurğulayan Oqtay Əsədov birinci Avropa Oyunlarının Azərbaycanın və Avropanın idman tarixində oynadığı roldan danışıb. Qeyd edib ki, Macarıstan bu oyunlarda böyük nümayəndə heyəti ilə iştirak edir: “Oyunların başlamasından beş gün keçməsinə baxmayaraq, qazanılan medalların sayına görə Macarıstan üçüncü yerdədir. Bu günlər ərzində macar idmançıları sübut etdilər ki, Macarıstan da Avropanın inkişaf etmiş idman dövlətlərindən biridir”.
Ölkələrarası əlaqələrin yüksək strateji tərəfdaşlıq səviyyəsində olduğunu deyən Milli Məclisin sədri münasibətlərin daha da dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolu olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bugünədək ölkələrimiz arasında 40 sənəd imzalanıb: “Çox istərdik ki, iqtisadi əlaqələrimizi də siyasi əlaqələrimiz səviyyəsinə çatdıraq. İqtisadi sahədəki əməkdaşlığımız ölkələrimizin potensialına uyğun deyil. Amma bu istiqamətdə işlər gedir. İnanırıq ki, yaxın gələcəkdə istənilən nəticəyə nail olacağıq. Biz Macarıstanla ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında maraqlıyıq. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərirlər”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Oqtay Əsədov Azərbaycanın 20 faiz torpağının işğal edildiyinə, bir milyondan çox qaçqın və məcburi köçkünü olduğuna diqqət çəkdi. Bildirdi ki, bu münaqişənin həlli ilə bağlı BMT-nin və bir sıra beynəlxalq təşkilatların qətnamələri var. Lakin Ermənistan tərəfi bu qətnamələrin tələblərinə məhəl qoymur.
Milli Məclisin sədri qonaqlara Xocalı soyqırımı barədə də məlumat verdi. Qeyd etdi ki, dünyanın 12 ölkəsində, o cümlədən ABŞ-ın 17 ştatında bu faciəni pisləyən qətnamələr qəbul edilib: “Macarıstan parlamentində də bu məsələyə münasibət bildirilməsini istərdik”.
Macarıstan Milli Assambleyasının Sədri Laszlo Köver Azərbaycanın son 10 ildə keçdiyi inkişaf yolu və birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili münasibətilə Azərbaycan dövlətini təbrik edib. Bildirib ki, I Avropa Oyunları gələcəkdə irimiqyaslı tədbirlərin keçirilməsi üçün Azərbaycanda yaxşı imkan yaradacaq. O, Azərbaycan və Macarıstan arasındakı yüksək səviyyədə olan münasibətlərin insanlarımızın istəyinə tam cavab verdiyini vurğuladı. Qeyd etdi ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Sədr iqtisadi əməkdaşlıqla bağlı Oqtay Əsədovun fikirləri ilə razılaşdığını diqqətə çatdırdı. Bildirdi ki, əməkdaşlığımızın əsas istiqamətlərindən birini enerji sahəsi təşkil edir. Bu istiqamətdə əlaqələri daha da genişləndirmək lazımdır.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı və digər qarşılıqlı maraq doğuran məsələlərdən bəhs olundu.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Macarıstan parlamentlərarası işçi qrupunun rəhbəri Xanhüseyn Kazımlı və digər rəsmi şəxslər iştirak edirdilər.
Nemət