20 İyun 2015 21:04
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftəsonu bizim uşaqları 1-ci Avropa Oyunları çərçivəsində Kristal zalda keçirilən karate yarışlarına aparmışdım. İşlərimin çoxluğundan özüm onlarla birlikdə ola bilmədim. Amma təbii ki, axşam evə qayıdanda təəssüratlarını öyrəndim. Azərbaycanın qazandığı medallar, üstəlik də tamaşaçılarla birlikdə yaşadıqları coşqu və həyəcan orta məktəb şagirdi olan uşaqlarımızda əməlli-başlı yüksək ovqat yaratmışdı. Hər şey əla imiş. Heç bir qüsur yoxmuş. Yalnız bircə qüsurdan başqa ki, o haqda da az sonra söhbət açarıq...

BBC və bu cür xüsusi propaqanda təyinatlı Qərb media qurumlarının düyməyə basıldığında Azərbaycan kimi ölkələri hədəfə alması təzə xəbər deyil. Hətta ən cılız metodlarla belə hücuma keçəcək qədər aşağı enmək də bunlar üçün problem sayılmır.

...Yəqin ötən həftə ərzində Lider TV-də özünü ingilis turist Ceyms Bonar kimi təqdim edən birisinin müsahibəsini hər kəs görüb. Bir az jurnalist naşılığı, bir xeyli də özünü vicdansızcasına əcnəbi turist kimi təqdim edən Cəbrayıl qaçqını Seymur Səfərov adlı gəncin məqsədli təxribatı az müddət də olsa, ictimai rəyi məşğul edə bildi. Amma sonradan bəlli oldu ki, bu adam yalançıdır, vicdansızlıq edib və hər kəs də olayı unutdu. Sadə bir səbəbdən: hazırda Azərbaycanda minlərlə Avropalı qonaq, turist, idmançı varkən nə Lider, nə də başqa TV kanalının saxta turistdən müsahibə almağa ehtiyacı yoxdur. Zatən bütün qonaqlar həvəslə jurnalistlərlə təmasa razılaşır, Azərbaycan haqqında ən xoş düşüncələrini paylaşırlar. Yəni burada "turist qıtlığı üzündən saxta turist"ə ehtiyac yoxdur. Olsa-olsa, bu olay sadəcə vicdanlı jurnalist yanılması ola bilər. Bir də kimlərinsə vicdansız yanıltma cəhdi. Demək istədiyimiz budur ki, məsələ oldu, bitdi, qapandı.

Amma görünən budur ki, BBC kimi propaqanda nəhəngi üçün bu cılız olay da fürsətmiş. Qınamıram. Çünki 1-ci Avropa Oyunlarının möhtəşəm açılışı və onun ardınca möhtəşəm idman yarışlarının gündəmi zəbt etməsi fonunda bunlar, sadəcə, ilişməyə bir şey tapa bilmirlər. Bilmədiklərindən də belə cılız məsələlərə möhtac qalıblar. Elə olmasaydı artıq unudulmuş, həm də ortaya çıxdığı andan əhəmiyyətsiz olan bir "xəbər"ə üstündən bu qədər keçdikdən sonra qayıtmazdılar.

Zatən Azərbaycanda xəbər qıtlığı yoxdur. 1-ci Avropa Oyunları dünyanın ən iddialı xəbərçiləri üçün istənilən qədər xəbər istehsal edir. Görmək istəyənlər üçün burda o qədər xəbər var ki, yığıb-yığışdırmaq belə mümkün deyil. Amma BBC kimi "xəbər nəhəngi" nəsə həmin xəbərləri görə bilmir...

Ötən dəfə "xarabalıq axtaran bayquşlar" və "gözəlliklər içində zibillik axtaranlar"dan da yazmışdıq. Açığı, BBC-ni bu sırada görsək də düşünmüşdük ki, üstündən keçək. Amma özləri qaşındılar, həm bayquşlar, həm də zibillik axtaranlarla bir sırada olduqlarını ən cılız şəkildə göstərdilər.

Göstərsinlər.

İndi ki, bunlar bu cılız anti-təbliğata möhtac qalıblar, bir pas da biz ötürək.

Yuxarıda bizim uşaqların karate yarışlarını izləməsindən yazmışdıq. Hər şeyin əla, mükəmməl və möhtəşəm olduğu oyunda bizim Ayxanı (13 yaşı var) üzən bir hal da yaşanmışdı. Yaxınlıqda oturmuş ingilis tamaşaçılar gedərkən içdikləri suların boş butulkalarını döşəməyə atıb gedibmişlər. Ayxan bundan dəhşətə gəlmişdi. Deyirdi ki, bəs ingilislərin mədəni millət olduğunu eşitmişdim. Budur bunların mədəniyyəti?

Nə deyəcəyimi indi də bilmirəm. Deyirəm, gəlsin BBC-nin zibillik axtaranları versin bu uşağın cavabını...


Müəllif:

Oxşar xəbərlər