Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay yarım-sessiyası çərçivəsində 2015-ci il iyunun 23-də qəbul edilmiş “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə qətnamə Azərbaycana qarşı yönəldilmiş qərəzli və əsassız yanaşmanın daha bir nümunəsidir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətin şərhrində deyilir.
Qeyd olunur ki, ərazisinin Ermənistanın təcavüzü nəticəsində işğalına, işğal edilmiş ərazilərdə və elə Ermənistanın özündə etnik təmizləmə aparılması nəticəsində doğma yurdlarından qovulmuş bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycanda mövcud siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, azad vətəndaş cəmiyyəti, söz və fikir azadlığı, o cümlədən çoxsaylı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının fəaliyyətinin təmin olunması göz önündədir: "Bütün bunlar hər hansı beynəlxalq təşkilat tərəfindən alqışlanmaq üçün deyil, məhz Azərbaycan xalqının mənafeyi naminə təmin edilib".
XİN-in şərhində bildirilir ki, belə bir sənədin qəbulu Avropa Şurası və onun Parlament Assambleyası da daxil olmaqla, Avropa təsisatları tərəfindən dinamik inkişafa malik dünyəvi müsəlman ölkələrinin qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür: "Azərbaycan dövləti milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olub. Müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təhqir və təzyiq məqsədilə qəbul edilmiş hər hansı sənəd isə qəti şəkildə qəbuledilməzdir. Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində, Azərbaycanı AŞ və onun Parlament Assambleyasında iştirakının ölkəyə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə vadar edir".