28 İyun 2015 17:15
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Gömrük İttifaqından ilk zərbəsini aldı.

Teleqraf.com-un məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu bu barədə bu gün öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiyadan asılılığı getdikcə artan Ermənistan iqtisadiyyatı müstəqilliyini tam itirəndən sonra ilk dəfə bu miqyasda olan kütləvi sosial etirazlarla qarşılaşdı. "Əslində son günlər Ermənistanda baş verənlər yalnız avtoritar idarəetməyə deyil, həm də Rusiyanın Ermənistandakı hökmran mövqeyinə etiraz nümayişidir. Hazırda Rusiyanın şirkətləri Ermənistanın yalnız enerji bölməsini deyil, telekommunikasiya, dəmir yolları nəqliyyatı və mədən sənayesini bütünlüklə nəzarətə götürüb",- deyə Qubad İbadoğlu Ermənistan paytaxtında enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı keçirilən "Talana yox" oturaq aksiyası ilə bağlı vurğulayıb.

İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq “Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etməkdir. İyunun 22-i saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Ertəsi günü erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıtdıqdan sonra həmin gün axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar. Bu günə kimi aksiya orada davam edir.

Ermənistan Tarif Şurası ötən həftə keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enercisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.

Ermənistanda ildən ilə ağırlaşan sosial-iqtisadi vəziyyətə toxunan Qubad İbadoğlu bu il vəziyyətin daha kəskin olduğunu bildirib: "2015-ci ilin aprel ayına olan məlumata görə, xaricdə yaşayan ermənilərin pul göndərişləri ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz azalıb. Müqayisə olunan dövrdə idxal 30,5 faiz, ixrac isə 23,1 faiz aşağı düşüb. Bu ilin may ayına Ermənistanın xarici borcları 4 milyard 659 milyon dollara çatıb ki, bu da milli gəlirin 52,8 faizi qədərdir. Bu ildən kəskin azalan xarici investisiyalar iş yerlərinin sürətlə bağlanmasına və yoxsulluğun daha da artmasına gətirib çıxarıb. Belə ki, bu ilin birinci rübünün sonuna yoxsulluq səviyyəsi ölkə əhalsinin 50 faizə qədərini, kənd əhalisinin isə hər 3-dən 2-ni əhatə edib".


Müəllif:

Oxşar xəbərlər