29 İyun 2015 10:38
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onlar, bir-birinə düşmən mövqedə duran AKP-1 və AKP-2 yaradıblar”

Azərbaycan Kommunist partiyasının (AKP) Mərkəzi komitəsinin (MK) sədri Gülnisə Məhsimova AKP-nin ən yeni tarixi (onun 1990-cı illərin əvvəllərində bərpa olunmasından sonra) haqqında silsilə məqalələr hazırlayır.

Teleqraf.com xəbər verir ki, AKP sədri yazısında qeyd edir ki, 1990-cı illərdə AKP ağır tarixi sınaqlardan çıxmış, lakin siyasi səhnədən silinməmişdir. Əksinə, o, cətinliklərə mərdanə dözmüş və öz işini fəallaşdırmağa nail olmuşdur.

G. Məhsimova qeyd edib ki, 1994-cü ildə partiya Azərbaycanın Ədliyyə nazirliyində qeydiyyatdan keçib və respublikanın regionlarında fəaliyyətini bərpa edib: “Geniş xalq kütlələri bu partiyaya böyük ümidlər bəsləyir, onun hakimiyyətə qayıtmasını istəyirdi, çünki adamlar sosialist cəmiyyətini və ona xas olan sosial ədaləti arzu edirdi.

O zaman partiyaya mətin kommunist Ramiz Əhmədov rəhbərlik edirdi. Onun nüfuzu və təşkilatçılıq bacarığı sayəsində partiya öz mövqelərini möhkəmləndirə bildi. 2000-ci ilin parlament seçkiləri nəticəsində AKP Milli Məclisdə iki deputat yeri qazandı. O dövr üçün bu, böyük bir müvəffəqiyyət idi. Ramiz Əhmədovla birgə parlamentə AKP-nin ikinci deputatı kimi seçilmiş- Rauf Qurbanov. Bu adam demək olar ki, kommunistlərin sıralarında tamamilə təsadüfi adam idi. R. Qurbanova həmişə mənsəbpərəstlik və şöhrətpərəstlik, habelə öz məqsədlərinə nail olmaq üçün istənilən, hətta ən çirkin belə, üsullardan istifadə xasdır. Sonradan bu, həm bütövlükdə partiyanın, həm də kommunist hərəkatının konkret fəallarının taleyində kəskin mənfi rol oynayıb. R. Əhmədovun sağlığında bu “kommunist” tam özünün bildiyi kimi fəaliyyət göstərə və öz mənsəbpərəst planlarını həyata keçirə bilmirdi, çünki o, kommunistlərin tanınmış liderinin “kölgəsində” və onun nəzarəti altında idi. Amma R. Əhmədovun 2007-ci ildə vəfatından sonra o, bu istiqamətdə aktiv fəaliyyətə keçmişdir.

Özünün AKP rəhbəri olmaq istəyini açıq bəyan edən R. Qurbanov kommunistlərin çoxluğu tərəfindən müdafiə edilmədi. Bu zaman AKP MK-nın 22 sentyabr 2007-ci il tarixli plenumuna gəlməyə onun cəsarəti çatmadı. Plenum Rüstəm Şahsuvarovu AKP sədri vəzifəsinə yekdilliklə seçdi. Bu qərar 14 oktyabr 2007-ci ildə AKP-nin 37-ci qurultayı tərəfindən təsdiq olundu. R. Qurbanov partiyanın qurultayına da gəlmədi.

R. Qurbanov kommunistlərin plenumu və qurultayının nəticələri ilə barışmadı və partiyanın qərarlarına qarşı pərdə arxası çəkişmə və saxtakarlıq vasitəsilə mübarizə aparmağa başladı. Belə ki, o, Azərbaycanın rayonlarından Moskvaya, Kommunist Partiyaları İttifaqı – SovİKP (SKP-KPSS) ünvanına saxta teleqramların göndərilməsini təşkil etdi. İş gülməli bir məzhəkəyə dönmüşdü – R. Qurbanovun tərəfdaşları Gəncədən respublikanın rayonlarına reys avtobusları ilə səfər edib, oradan - bilavasitə avtovağzalların poçt şöbələrindən - Moskvaya, SKP-KPSS ünvanına teleqramlar göndərirdilər ki, guya “yerli rayon partiya təşkilatları R. Qurbanovu dəstəkləyir”. Amma həqiqi yerli AKP təşkilatlarının bundan heç xəbəri də yox idi. Bu yolla R. Qurbanov SKP-KPSS rəhbərliyində belə bir təəssürat yaratmağa çalışırdı ki, guya Azərbaycan kommunistləri tam şəkildə məhz onu – R. Qurbanovu AKP lideri kimi müdafiə edirlər. Bu genişmiqyaslı saxtakarlıq öz bəhrəsini verdi – R. Qurbanov SKP-KPSS-də o zaman “lazımi” təəssüratı formalaşdırmağa nail oldu.

23 dekabr 2007-ci ildə R. Qurbanov Bakıda bir yığıncaq təşkil etdi və onu AKP-nin 37-ci qurultayı adlandırdı. Orada o, özünü partiyanın sədri elan etdi və bununla da AKP-nin parçalanmasının bünövrəsini qoydu.

R. Qurbanovla eyni vaxtda, kommunistlərin sıralarında başqa bir mənsəbpərəst-Ələsgər Xəlilovda aktiv bölücülük fəaliyyəti göstərirdi. AKP-nin başqa “qanadında” fəaliyyət göstərərək, partiyadaxili çevriliş təşkil etdi və hakimiyyəti qamarlamağa nail oldu. Azərbaycan Kommunist Partiyasının dağıdılması və siyasi cəhətdən qətl edilməsində Ə. Xəlilovun müstəsna “xidməti” oldu və o, həmin işdə R. Qurbanovdan heç də geri qalmadı.

Beləliklə, əqidəli kommunistlərin partiya işinə və onun liderlərinin fikirlərinin təmizliyinə olan inamından sui-istifadə edən bu iki şəxs – R. Qurbanov və Ə. Xəlilov – AKP-ni iki hissəyə parçalamış və orada özlərinin mənsəbpərəst planlarını həyata keçirmişlər. Onlar, bir-birinə düşmən mövqedə duran AKP-1 və AKP-2 yaratmışlar.

Bəs R. Qurbanov və Ə. Xəlilovun AKP-nin özlərinə aid “qanadlarına” başçılıq etdikləri bu 7-8 il ərzində nələr baş verib? Partiyanın fəaliyyəti tam şəkildə iflasa uğrayıb. Heç bir partiya işi görülmür. Əksinə, tək partiya üzvləri deyil, bütöv onsuz da azsaylı qalan rayon təşkilatları partiya sıralarını tərk edirlər. R. Qurbanov və Ə. Xəlilov partiyanı tam iflic vəziyyətinə gətirərək, 5-10 nəfərlik xırda dərnəklər çərçivəsində formal “fəaliyyətlə” kifayətlənir. İndi R. Qurbanov özünə Milli Məclis deputatı kürsüsünü qaytarmaq ümidi ilə yaşayır və buna yalnız SKP-KPSS tərəfindən siyasi dəstək almaq yolu ilə nail olmağı planlaşdırır.

Öz şəxsi maraqlarını hər zaman hər şeydən üstün tutan R. Qurbanovun “sədrliyi” dövrü AKP-nin müasir tarixinin ən ağır dövrüdür – bunu əminliklə demək olar. Bu dövr kommunistlərin və partiya təşkilatlarının AKP-dən kütləvi şəkildə çıxması ilə xarakterizə olunur. Partiyanın sıraları artmır, əksinə, sürətlə azalır. Buna görə də, bu dövrü Azərbaycanın ictimai-siyasi arenasında AKP-nin nüfuzunun tam itirilməsi dövrü də adlandırmaq olar”.

Daha sonra G. Məhsimova qeyd edib ki, əqidəsiz mənsəbpərəst və intriqabazlar bir neçə ildir ki, AKP-ni öldürürlər: “İndi kommunist hərəkatında olan sağlam qüvvələr öz qəti sözünü deməli və partiyanı siyasi heçliyə gömülməsindən xilas etməlidir”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər