Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Azərbaycandakı nurçularla bağlı yeni siyahıların olduğuna dair xəbərləri şərh edib.
Baş konsul bildirib ki, bu işlə aidiyyəti orqanlar məşğul olur: “Orda nə baş verdiyini deyə bilmərəm, amma bizim işimiz konsulluq məsələləridir. Bu xəbərlər həqiqəti əks etdirmir”.
H. Zeynalov qeyd edib ki, onlar hər hansı məlumatları lazımi ünvanlara çatdırır: “Yazışmalarımız, sorğularımız da mətbuat üçün deyil. Hazırda nurçularla bağlı hansısa siyahı yoxdur. Yalnız bunu deyə bilərəm” - deyə baş konsul bildirib.
Qeyd edək ki, Azərbaycanda nurçuların dövlət strukturlarına sızması xəbəri yayılan zaman onların adlarının olduğu siyahının Türkiyədən baş konsulluq tərəfindən rəsmi Bakıya göndərildiyi xəbəri yayılmışdı. SAM direktoru Fərhad Məmmədov da Həsən Zeynalovun adını çəkmişdi.
H. Zeynalov o zaman bildirmişdi ki, bu məsələlər olub: “Amma mən nəyi lazım bilirəmsə, onu da yazıb bildirirəm. Burda nə olursa, xüsusilə bizi narahat edən məsələlər strukturlarımız vasitəsilə lazımi orqanlara çatdırılır. Bu məsələlər də olub. Ümumiyyətlə, tək bu deyil, digər bütün məsələlər bizim diqqətimizdədir və hər biri üzrə fikirlərimizi bildiririk. Bizim yazdığımız bütün fikirlər də müzakirə edilir, rəylər bildirilir. Amma mən heç nəyi mətbuatda həll etmirəm və bu məsələlərin mətbuata çıxarılmasının əleyhinəyəm” - deyə o qeyd etmişdi.
NƏRGİZ