11 Avqust 2015 12:45
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partiya parlament seçkilərinə təkbaşına getməyə üstünlük verəcək

Ədalət Partiyası parlament seçkiləri ilə bağlı rəsmi qərar verməyib. Bu barədə partiya sədrinin müavini Mütəllim Rəhimli deyib.

O bildirib ki, nizamnaməyə görə, seçkilərdə iştirakla bağlı qərarı Ali Məclis verir: "Avqustun sonlarında Ali Məclis seçkiyə münasibət bildirəcək. Ümumi ab-hava bundan ibarətdir ki, çox güman, seçkilərdə iştirak edəcəyik. Təşkilat daxilində deputatlığa namizədliyini vermək istəyində olanlar var. Onlar seçkilərə qoşulmağın tərəfdarı kimi çıxış edirlər".

M.Rəhimli qeyd edib ki, partiya daxilində seçkidə iştirakın əleyhinə olan insanlar olsa da, böyük əksəriyyət siyasi qüvvənin əsas məqsədinin seçkilərdə iştirak olduğunu önə çəkir və seçki tərəfdarı kimi çıxış edirlər.

Partiya sədri İlyas İsmayılovun seçkilərə qatılıb-qatılmayacağına gəlincə, namizədlərin adları yalnız Ali Məclisin iclasında bəlli olacaq: "İndi ən müxtəlif rəylər var. İlyas İsmayılov seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı qərarı özü verəcək. Yenidən öz namizədliyini verməsini istəyirik. 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən seçiciləri onun yenidən namizədliyini verməsinin tərəfdarıdır.

Həqiqətən, İlyas müəllim orada çox böyük iş aparıb, bir çoxlarından fərqli olaraq daima seçicilərin içərisində olub. Ümumi rəy var ki, yenidən namizədliyini versin. Amma bu, təkcə partiyanın siyasi qərarı ilə deyil, şəxsin öz istəyi ilə də bağlıdır".

Partiya funksioneri bildirib ki, seçkilərdə Ədalət Partiyasının namizədlərinin sayı təxminən 20 nəfərdən çox olacaq: "Dəqiq rəqəm söyləmək çətindir. Çünki Ali Məclisin iclasında hər bir rayon təşkilatı təmsil olunur, onlar seçkilərə münasibətini ifadə edəcək və neçə namizədlə qatılacaqlarını bəyan edəcəklər"

2010-cu il parlament seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş Partiyaları ilə "İslahat" blokunda təmsil olunan Ədalət Partiyası builki seçkilərə tək getməyi düşünür. M.Rəhimlinin sözlərinə görə, Ədalət Partiyasının bu gün üçün hələlik bloka qoşulmaq barədə qərarı yoxdur: "Bununla bağlı da danışıqlar aparılmır. Bütöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş Partiyaları ilə normal və xoş münasibətlərimiz qalıb. Birgə seçkilərə qatılmaq məsələsi gündəmdə deyil. Amma belə bir təşəbbüs olsa, mənə elə gəlir ki, Ədalət Partiyasında buna qarşı çıxan tərəf yoxdur".

O, prezident seçkiləri öncəsi Yaşıllar və İslam Partiyaları ilə yaratdıqları "Vətən" blokunun fəaliyyətinə də toxunub: "Vətən" blokunun fəaliyyəti xeyli passivləşib. İslamçıların bir çoxu həbsdədir, İslam Partiyası da rəsmi qeydiyyata alınmayıb. Parlament seçkilərinə blok şəklində gedəndə gərək blok daxilindəki partiyalar rəsmi qeydiyyata alınsın. Belə olan halda biz ancaq fəaliyyətimizi əlaqələndirə bilərik, başqa variant mümkün deyil. İndi parlament majoritar seçki sistemi əsasında formalaşır. Partiyaların seçkiyə qoşularaq bu kampaniyada təbliğat aparması çox böyük güc, enerji və maliyyə vəsaiti tələb edir. Düşünürük ki, blokun seçkiyə qoşulması və seçiciləri bloka səsverməyə çağırış əlavə enerji sərfindən başqa bir şey deyil. Sonda seçicilər ayrı-ayrı seçki dairələrində bir namizədə səs verməlidirlər. O baxımdan, Azərbaycanda mövcud seçki sistemi əsasında ən yaxşı halda daha nüfuzlu insanların seçkiyə qoşulması seçki ab-havasını dəyişə bilər. Siyasi partiyaların birləşməsi, seçkiyə blok şəklində qatılması nəticələrə təsir etmir".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər