Müsavat Partiyasından ayrılaraq Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradan şəxslər qurumun artıq inkişaf etdiyini, əksər rayonlarda yerli özəklərinin yaradıldığını elan edirlər.
ADR Hərəkatı sədrinin müavini Adil Qeybulla bildirib ki, bir sıra istiqamətlərdə konsepsiyalar hazırlanıb: "Ciddi təşkilatlanma işləri həyata keçirilir. Rayon təşkilatları yaradılır, dayaqlar inkişaf etdirilir. İndiki sönük siyasi şəraitdə gözləmədiyimiz uğurlar var. Təşkilat formalaşır və kifayət qədər də maraq var. Ən əsası da odur ki, təkcə Müsavat Partiyasından deyil, cəmiyyətin neytral hissəsindən də meyl edənlər var”.
A.Qeybulla açıq şəkildə bəyan edib ki, ADR Hərəkatında Müsavat Partiyasının üzvləri üstünlük təşkil edir. Onun sözlərinə görə, bu, Müsavat Partiyasında narazılıq yaratmamalıdır: "ADR Hərəkatı ictimai təşkilatdır. İndi çoxları qarşıdan gələn parlament seçkiləri haqqında danışır, bloklar yaratmaq üçün müzakirələr aparır, özlərinə müttəfiq axtarırlar. Lakin bizim hərəkat ictimai qurum olduğu səbəbindən seçkilərdə iştirakı real görünmür. Eyni zamanda, hərəkatın üzvlərinin parlamentdə təmsil olunması belə təşkilatımıza maliyyə və xüsusi üstünlüklər gətirmir. Hərəkatın seçkilərdə iştirakı haqqında qərarı yoxdur. Sadəcə, istəyən üzvümüz fərdi şəkildə namizədliklərini irəli sürə bilərlər. Hələlik namizədliyini irəli sürmək istəyənlər çox deyil. Amma seçkidə iştirak etmək istəyənlər var. Məsələn, Vurğun Əyyub bildirib ki, seçkidə iştirak edəcək. Mən hələlik tam qərarlı deyiləm”.
ADR Hərəkatının funksioneri Müsavat Partiyası ilə olan münasibətlərdən də danışıb: "Qarşı tərəfin bəzən qeyri-adekvat münasibət və davranış sərgiləmələrinə baxmayaraq, mən əks tərəfə qarşı anormal münasibət sərgiləməyin tərəfində olmamışam. Qarşı tərəfin münasibətindən asılı olmayaraq bizim onlara münasibətimiz normaldır. Ancaq bəzən görürsünüz ki, qətiyyən siyasətçiyə aidiyyəti olmayan mövqelər ortaya qoyur, müəyyən təbliğat məqsədilə ünvanımıza müəyyən faktlar səsləndirirlər. İddia edirlər ki, Qubad İbadoğlu 10 il Müsavatda İqtisadiyyat komissiyasının sədri olub, lakin bu komissiya heç bir iş görməyib. Halbuki, 2003-cü il prezident, 2005-ci il parlament seçkilərində təbliğatın böyük əksəriyyəti Müsavat komissiyalarının hazırladığı sənədlərə əsaslanırdı. Bu sənədləri masaya çırpıb deyirdilər ki, Müsavatın belə proqramları var. İndi isə siyasətçiyə yaraşmayan qaydada deyirlər ki, bunlar heç bir iş görməyiblər. Məncə, bu, əsassız fəaliyyətdir. İstənilən halda kənardan bu kimi hallar cılız və qısqanc görünür”.
Adil Qeybulla Tural Abbaslının Müsavat Partiyası xaricində "Ağ” Blok yaratması məsələsini də şərh edib. Professor qeyd edib ki, buna normal baxır: "Tural Abbaslı gənc siyasətçidir, ətrafında müəyyən qədər gənclər var. Özü də partiyanın qurultayında başqanlığa namizəd olub. Hesab edirəm ki, Müsavatda Tural Abbaslıya qarşı da qeyri-obyektiv münasibət sərgiləndi. Partiyanın qurulmasında, inkişafında, güclənməsində rolu olan, həbsdə yatan şəxs Müsavatın Məclisinə və ya rəhbərliyinə düşə bilmədi. Bu, onu göstərir ki, Müsavatda keçirilən seçkilərdə qara əllər var”.
Cavidan