11 Avqust 2015 17:07
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şura ilə müxalifət partiyaları arasında növbəti qalmaqal yaşanıb. Belə ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquqşünas Vidadi Mirkamal seçkilərlə bağlı mövqeyini açıqlayıb.

O bildirib ki, seçkilərə getməkdənsə, onu boykot etmək daha məqsədəuyğundur: “Milli Şura son sessiyasında seçkidə iştirak şərtlərini açıqlayıb. Təklifimiz seçkilərlə bağlı qanunvericilik üzərində təkmilləşdirilmə işinin aparılmasıdır. Biz 2013-cü ilin yanvarında bir qrup hüquqşünasın iştirakı ilə seçki qanunvericiliyinə dair təkliflər hazırlamışıq. Həmin sənədi iyirmiyə yaxın siyasi partiya müdafiə edib. Bizim hazırladığımız sənəddə seçki qanunvericiliyinə altı istiqamətdə dəyişikliklərin edilməsi təklif edilir”.

V.Mirkamal daha sonra qeyd edib ki, hazırda seçkilərə 3 ay qalmasına baxmayaraq siyasi aktivlik müşahidə edilmir. Onun fikrincə, müxalifət düşərgəsində yalnız “Azadlıq-2015” seçki blokunun aktivliyi özünü göstərir: “Görünür, onlar da nəsə düşünür və ya hesab edirlər ki, onlara müəyyən sözlər veriblər. Bu səbəbdən də aktiv fəaliyyətə keçiblər. İkincisi, başqa bir qurum yaradılıb, adlarını “125”lər Siyasi Klubu qoyub. Ümid Partiyasının üzvlərinin fəaliyyətini də bura şamil etmək olar. Həmin klubdan uzağı bir nəfər seçkidə deputat seçilə bilər. Fikrimcə, 125 nəfərin oyunu, əslində bir nəfərin deputat seçilməsinə hesablanıb”.

Milli Şura rəhbərliyində təmsil olunan Vidadi Mirkamalın bu mövqeyi Müsavat Partiyasının ciddi narazılığına səbəb olub. Bu mövqeyə ilk etiraz edən də Müsavat başqanının müavini Səxavət Soltanlı olub.

Soltanlı bildirib ki, həqiqi müxalifət adına iddia edən partiyaların seçkiyə getməməsi qorxaqlıq, tənbəllik kimi başa düşüləcək: “2013-cü il prezident seçkilərinə gedilməsəydi, nə qazanılacaqdı? Bu təbliğat zərərli və şübhəlidir. Seçki ilinin verdiyi mümkün imkanlardan istifadə edib xalqla təmas qurmaq lazımdır. İndi ən asan və zərərli olan boykot xəttini tutmaq və ya təbliğ etməkdir”.

Vidadi Mirkamalın bu bəyanatına, xüsusilə “Azadlıq-2015” seçki blokunu hədəfə almasına blok nümayəndələri də kəskin reaksiya verib. Blokda təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc elan edib ki, Milli Şura deyilən qurum çox ziyanlı yolla gedir. Onun sözlərinə görə, Milli Şura faktiki olaraq müxalifəti parçalayan siyasət yürüdür, özünü yeganə müxalifət adlandıraraq müxalif mövqeli qurumların bir araya gəlməsinin qarşısını alır: “Başqa sözlə, müxalifətin birləşməsinə əngəl olan yeganə qurum Milli Şuradır. İkincisi, Milli Şurada təmsil olunanların çoxu vaxtilə hakimiyyətdən qovulmuş insanlardır. İndi də etikaya sığmayan fikirlər bildirirlər. Məsələn, Vidadi Mirkamal uzun illər Bakı Dövlət Universitetində dekan müavini olub. O, həmçinin rüşvətxor müəllimlərdən biri olub. Mən onun tələbələrini tanıyıram. İndi bunlar bizə təklif edirlər ki, seçkiyə getməyək, seçki prosesini boykot edək? Onlar müxalifətin bir araya gəlməsini istəmirlər, seçkilərdə iştirak etməyi, mübarizə aparmağa qarşıdırlar. Bunu hansı məqsədlə və kimin sifarişi ilə edirlər? Gündə bir radikal bəyanat verirlər və həm də özlərini düşünürlər ki, qrant alsınlar və s. Biz seçkidə iştirak etməliyik. Bilmirəm bunların apardığı bu ziyanlı siyasətin sonu necə olacaq. Ancaq Vidadi Mirkamal alim, professor adamdır, ancaq normal etikaya uyğun danışmır və həm də düşünmür”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər