“Azadlıq – 2015” Seçki Blokunun toplantısı keçirilib. Teleqraf.com xəbər verir ki, toplantıda qarşıdan gələn parlament seçkiləri ərəfəsində ictimai- siyasi vəziyyət müzakirə edilib. Bloka daxil olan Azad Demokratlar Partiyasının qeydiyyatının ləngidilməsi xüsusilə vurğulanıb.
“Azadlıq- 2015” seçki öncəsi demokratik mühitin yaradılmasının vacibliyini vurğulayıb. Eyni zamanda ATƏT , Avropa Şurası, Venesiya Komissiyası, Avropa Parlamenti, ölkədə ki siyasi partiya və ictimai təşkilatların seçki islahatı barədə təklif, tövsiyələrinin müzakirəsinin təklif edib. Azadlıq- 2015 hesab edir ki, sçkilərə az qalmasına və bu səbəbdən hüquqi müstəvidə fundamental seçki islahatları aparılması fürsətinin buraxıldığına baxmayaraq ölkə başçısı, prezident İlham Əliyevin prosesə müdaxiləsi bu sahədə vəziyyəti əhəmiyyətli şəkildə dəyişdirə bilər. İlk addım olaraq parlament seçkiləri mövzusunda hakimiyyət və müxalifət arasında dialoqun aparılması faydalı olardı. Siyasi partiyalar və Prezident Administrasiyası arasında görüşlərin müsbət təcrübəsini nəzərə alaraq təklif edilən dialoqun həmin formatda keçirilməsini mümkün hesab olunub. Bundan əlavə Mərkəzi Seçki Komissiyasının normativ aktlar qəbul etmək səlahiyyətinin olduğuna görə Seçki Məcəlləsindəki bir sıra müddəların demokratik şəkildə həyata keçirilməsi üçün, o cümlədən namizədlərin qeydiyyatı, şəffaflığın təmin edilməsi və s. istiqamətlərdə bu imkandan ciddi şəkildə yararlanmaq mümkündür.
Toplantıda Azadlıq – 2015- in namizədlərinin hansı dairələrdən irəli sürüləcəyi barədə məlumatların mərhələlərlə ictimailəşdirilməsi məqsədəuyğun sayılıb və ilk namizədlər siyahısı razılaşdırılıb. Toplantıda habelə Blokun seçki platformasının layihəsinin ictimai müzakirəyə çıxarılması qərara alınıb.
Cavidan