Əlövsət Əhədoğlu: “Partiyanı saxtakar kəslərə təslim etməliydik?”
Müsavat Partiyası ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) arasında növbəti açıq qarşıdurma, ittihamlar müşahidə edilir. Səbəb odur ki, Müsavatın VIII qurultayının nəticəsindən narazı qalan bir neçə müsavatçı Ədliyyə Nazirliyinə müraciət edərək narazıların iddialarının araşdırılmasını istəyib.
Nazirliyə müraciət edən müsavatçılar həm də ADR Hərəkatında təmsil olunurlar. Məhz bu səbəbdən ADR-lə Müsavat arasında qarşılıqlı ittihamlar hökm sürür. Müsavatın başqan müavini Elman Fəttahla ADR sədrinin müavini Ellada Məmmədli arasında sosial şəbəkədə qarşılıqlı ittihamlar müşahidə edilib.
Dünən isə qurultayın nəticələrinin araşdırılması, qanun pozuntularının aradan qaldırılması məqsədilə Ədliyyə Nazirliyinə edilən müraciətin sahibi Əlövsət Əhədoğlu danışıb.
Sabiq müsavatçı bəyan edib ki, Ədliyyə Nazirliyinə bir neçə müsavatçı ilə bərabər o da müraciət edib və bu müraciətin təşkilatçısı da onun özüdür:
“Müsavatın adını, imicini, şərəfli tarixini şəxsi və cılız mənafeyinə qurban verən, VIII qurultayın hazırlanması və keçirilmə prosesini saxtalaşdıran, başqan olmaq üçün qurultaya seçilməmiş öz adamlarına saxta "qurultay nümayəndəsi mandatı" verən, Müsavatın “demokratiya” ilə sinonim olan adına “saxtakar” damğası ilə ləkə yaxan tiplər. Sizin Müsavata vurduğunuz zərbənin mənfi nəticələrinin aradan qaldırılması və Müsavatın əvvəlki imicinin, gücünün və monolitliyinin qaytarılması xatirinə, edilmiş saxtakarlıqların mənfi nəticələrinin aradan qaldırılması naminə qurultayın nəticələrinin ləğv edilməsi üçün Ədliyyə Nazirliyinə müsavatçılığın təməl prinsiplərinə sadiq olan bir neçə müsavatçı ilə bərabər mən müraciət etmişəm. Təşkilatçı da mənəm. Kimin də etirazı varsa, əlində təkzibedici faktları və cəsarəti varsa, buyursun, istənilən debata hazıram".
Əlövsət Əhədoğlu daha sonra qeyd edib ki, onlar bu barədə çox danışıblar: “Çox yazdıq, çox tələb, xahiş və minnət etdik ki, insanların tapındığı məbədi öz çıxarlarınıza qurban etməyin, insanların ümid yerini murdar niyyətləriniz naminə dağıtmayın. Təəssüf ki, ana dilimizdə başa düşmədilər. Bizi, başa düşəcəkləri dildə danışmağa məcbur etdilər. Bildiyiniz kimi, biz 10 aydır ki, Müsavat Partiyasının VIII qurultayına hazırlıq, keçirilməsi və sonrakı proseslərdə yol verilən və bu gün də davam edən saxtakarlıqlar - qanun və Nizamnamə pozuntularının aradan qaldırılmasının partiya daxilində həll edilməsi üçün çalışdıq. Və yenə də bildiyiniz kimi, qanundan və nizamnamədən kənar yollarla partiya rəhbərliyini zəbt etmiş kəslər partiyanın strukturlarının demokratik qaydalara - qanunçuluq və nizamnamə tələblərinə uyğun formalaşmasına imkan vermədilər. Sizcə, biz nə etməliydik: yüz ildən artıq bir dövrdə şərəfli tarixi yol keçmiş partiyanı saxtakar kəslərə təslim etməliydik?
Biz hesab edirik ki, Müsavat Partiyasını indiki düşdüyü durumdan çıxarmaq hər bir ləyaqətli Müsavat üzvünün üzərinə düşən missiyadır və biz bu missiyanı yerinə yetiririk. Biz Müsavat Partiyasında saxtakarlıq və dələduzluq hallarının kökünü kəsməliyik və kəsəcəyik! Bu, hər kəs üçün bir dərs olmalıdır".
CAVİDAN