11 Sentyabr 2015 16:31
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında pislənilib və qətnamənin qərəzli olduğu, heç bir reallığa söykənmədiyi bildirilib.

İclasda çıxış edən komitə üzvü Fəzail İbrahimli bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycana qarşı qərəzli mövqenin növbəti nümunəsidir: “Avropanın arzuları həmişə ürəyində qalıb. Dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Avropa bu istəyinə nail ola bilməyib. Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Avropanın bu mövqeyi parlament seçkilərinin boykotuna hesablanmış bir addımdır. Bütün addımlarda hiss edirik ki, Avropa parlamentariləri Azərbaycana münasibətdə yanlış bir mövqe seçiblər. Bunu təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı münasibətdə də görürük. Olmayan bir soyqırımı gündəmə gətirib Türkiyəyə qarşı hər hansı bir təzyiq vasitəsi kimi bundan istifadə edirlər. Avropa niyə Xocalı faciəsini gündəmə gətirmir? Bu faciəni törədənləri niyə cəzalandırmır? Bütün dünya bilir ki, Azərbaycanın 20 faiz torpağı işğal edilib, amma Ermənistanı işğalçı dövlət kimi tanımır”.

F.İbrahimli deyib ki, bütün bunların kökündə Azərbaycanı təzyiq altında saxlamaq, Azərbaycanı müstəqil bir dövlətdən asılı bir dövlətə çevirmək cəhdi, digər tərəfdən, Azərbaycanın son illərdə əldə etdiyi kifayət qədər uğurlara qısqanclıq hissi ilə yanaşmaq durur. Avropa Parlamenti qarşısında Azərbaycanın heç bir öhdəliyi yoxdur: “Azərbaycan bu parlament seçkilərini də uğurla keçirəcək, bunun qarşısını heç kim ala bilməyəcək.

Daha sonra çıxış edən komitə sədri Arif Rəhimzadə isə bildirib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi başdan-ayağa cəfəng, heç bir əsası olmayan iddialardan qurulub və Azərbaycan gerçəkliyindən tamamilə uzaqdır: “Ümumiyyətlə, qərb sivilizasiyası indi elə bir vəziyyətə gəlib ki, hesab edir ki, o, nəyi fikirləşirsə, həmin məsələ düzdür və elə də olmalıdır. Misal üçün, bizi günahlandırırlar ki, nə üçün eyni cinsli insanların nikahına icazə vermirik. Onlar istəyirlər ki, öz iradələrini bütün dünyaya tətbiq etsinlər. Bunun nəticəsini də biz İraqda, Suriyada və digər ölkələrdə gördük”.

Xatırladaq ki, sentyabrın 14-də Milli Məclisin genişləndirilmiş toplantısı keçiriləcək və Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamə ciddi müzakirə mövzusu olacaq. Gözlənilir ki, Azərbaycan parlamenti buna cavab olaraq xüsusi bəyanat qəbul etsin.

Nemət


Müəllif: